Jurnalist DYP-dən niyə ŞİKAYƏTÇİDİR?

 13:41 13.05.2023     1125

Son zamanlar Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ilə bağlı narazılıq və şikayətlərinin sayı artıb.

Elə jurnalist həmkarımız Gülnarə Kərimova da Redaktor.az-a müraciət  edərək sözügedən qurum barədə şikayətini saytımızla bölüşüb. Onun sözlərinə görə, qəbul günü olmasına baxmayaraq aprelin 19-da köməkçisi və növbətçi hissənin əməkdaşları BDYPİ rəis müavini, İmtahan Qeydiyyat İdarəsinin rəisi Kamran Əliyevlə görüşməsinə imkan verməyiblər:

“Təsəvvür edin, qurumun rəsmi saytında Kamran Əliyevin vətəndaşlar üçün nəzərdə tutulan qəbul tarixi aprelin 19-u göstərilsə də, növbətçi hissədə asılan tabloda fərqli tarix qeyd edilib. Hətta növbətçi hissənin əməkdaşına qəbul vaxtının saytda fərqli yazıldığını desəm də, sözümdən qəzənlənib məni döymək istədi. Növbə rəisi Eynulla Kərimov atamın onunla nəzakətlə davranmasına baxmayaraq, o çox kobud, yüksək səslə, dövlət işçisinə xas olmayan şəkildə danışdı. Sonra Kamran Əliyevin köməkçisi ilə əlaqə saxladı. Bir neçə dəqiqə telefonda danışdıqdan sonra qəbulun heç cürə mümkün olmadığını bildirərək, bizi otaqdan qovdu”.

Gülnarə Kərimova əlavə edib ki, vaxtilə efirdə tez-tez görünən mediaya açıq olan, əlçatan şəxs kimi tanıdığı Kamran Əliyev onu və Əfqanıstan və Qarabağda döyüşmüş , hazırda ehtiyatda olan yüksək rütbəli hərbçi atasını qəbul etməyib:

“Lakin təəssüf ki, artıq bu belə deyil. Çünki həmin gün Kamran Əliyevin nömrəsinə dəfələrlə zəng vurub və mesajlar yazdım. Hər biri də cavabsız qaldı. Görünür, hörmətli polkovniki idarə rəisi olmaq tamamilə dəyişib. Vəzifədə yüksəlməsi hörmətli adıçəkilən məmuru o qədər əlçatmaz edib ki, hətta Əfqanıstan-Qarabağ müharibələrinin iştirakçısı, yüksək rütbəli hərbçi olan atamı da qəbul etmədi. Halbuki Eynulla Kərimov bu ölkənin, bu vətənin və xalqının sakit və firavan yaşaması üçün canını xərcləyən veteranlardandır. Onu da əlavə edim ki, hər bir dövlət qurumunun görünən üzü ictimaiyyətlə əlaqələrdə özünü biruzə verir. Biz jurnalistlərin ilk müraciət etdiyimiz ünvan ictimaiyyətlə əlaqələr şöbəsi - mətbuat xidmətləri olur. Amma bəzən o şöbələrlə əlaqə yaratmaq, mətbuat katiblərilə danışmaq müşkül məsələyə çevrilir. Xüsusilə diqqətinizə çatdırım ki, artıq bir neçə gündür BDYPİ-nin İctimaiyyətlə əlaqələr Şöbəsinin rəisi Rövşən Tağıyevlə də əlaqə yaratmaq sözün əsl mənasında müşkül məsələyə çevrilib. Qəbul günü hətta qurumun girişində oturan növbətçi hissənin əməkdaşları Rövşən Tağıyevin idarədə olmadığını və bir neçə cəhddən sonra tapa bilmədiklərini də qeyd etdilər. Özüm də dəfərlə mobil nömrəsinə zəng etdim. Təəssüf ki, iş saatında nömrəsinə zəng çatmırdı”.

Məsələyə aydınlıq gətirmək üçün BDYPİ-nin İctimai Qurumlarla Əlaqə şöbəsi ilə əlaqı saxladıq.

Şöbədən bildirildi ki, G. Kərimovanın qeyd etdiyi xüsusatlar həqiqəti əks etdirmir.

“Bununla yanaşı vətəndaş Gülnarə Kərimovanın Baş DYP İdarəsinə hər hansı bir yazılı müraciəti daxil olmayıb. Eyni zamanda vətəndaşın diqqətinə çatdırmaq istəyirik ki, həftənin 6 günü saat 09:00-dan 19:00-dək Baş DYP İdarəsinə yaxınlaşaraq Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsi tərəfindən qəbul edilərək dinlənilə bilər”.

Tunar Altunbay