Sabirabadda yeni döşənən asfalt niyə əllə qopur? - VİDEO

 19:29 16.05.2023     515

Sabirabadda çəkilən asfalt örtüyü müzakirələrə səbəb olub. 

Redaktor.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videogörüntülərdə yola keyfiyyətsiz döşənən asfaltın əllə qoparıldığı və ovulduğu aydın görünür. 

Görüntülərdəki vətəndaş iddia edir ki, video Sabirabadda qeydə alınıb. Hətta videonu çəkən şəxs məsələdə Sabirabad Rayon İcra Hakimiyyətini də günahlandırır.

“Sosial şəbəkələrdə paylaşılan videolarda iddia edilənlər tamamilə əsassızdır. Asfalt örtüyünün çəkilməsi prosesində mərhələli ardıcıllığa riayət edilməlidir”.

Bunu Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli Sabirabadda asfalt döşənməsi ilə bağlı yayılan görüntüləri oxu.az-a şərh edərkən bildirib.

O qeyd edib ki, səsləndirilən fikirlər vətəndaşın prosesin gedişatını tam bilməməsindən qaynaqlanır:

“İşlər tam olaraq texnoloji ardıcıllıqla icra edilir. Asfalt örtüyü döşənməzdən öncə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənir. Daha sonra asfaltlama işlərinə başlanır. Öncə hamarlayıcı lay, asfalt-beton örtüyü döşənir. Daha sonra isə əsas layın - asfalt örtüyünün döşənməsi prosesi icra olunur”.

Həmin görüntüləri təqdim edirik: