Dondurma alarkən nəyə diqqət etməliyik? - Ekspert açıqladı

 15:45 19.05.2023     949

İsti yay günlərində sərinləmək üçün dodurmadan istifadə edənlər az deyil. Amma bu dondurmalar sağlamlığımız üçün təhlükəsiz də sayılmaz. Müşahidələr də göstərir ki, hazırda satışda kifayət qədər keyfiyyətsiz dondurmalar var.

İstehlakçılar dondurma alarkən nələrə diqqət etməlidir? Onun saxtalığını necə ayırd edə bilərik?

Suallarla bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Redaktor.az-a danışıb.

O, dedi ki, dondurma tez həzm olunan süd məhsuludur:

“Buna görə dondurmanın istehsalında tam kərə yağından istifadə olunur. Lakin bəzi hallarda standartlar və yaxud texniki şərtlər daxilində bitki yağından da istifadə oluna bilər. Bitki yağlarının içərisində kokos yağı ən üstündür. Digər bitki yağlarından dondurmada istifadəyə dair texniki şərt və ya standart yoxdur. Lakin istehlakçıların verdiyi məlumatlara görə dondurmanı istehlak edən zaman boğazda acılıq verir. Bu o deməkdir ki, həmin dondurmanın istehsalında ya vaxtı keçmiş kərə yağından, ya da bitki yağlarından istifadə olunub. İstehlakçılar tərəfindən gələn zənglərdə əsasən deyirlər ki, istehsalçılar qışda külli miqdarda dondurma istehsal edirlər, daha sonra onlar bazara çıxarılır, vaxtı keçmiş dondurma olur. Əslində isə normal dondurma istehsal edən müəssisələr qış aylarında işçilərinin bir hissəsini məzuniyyətə buraxırlar, yalnız sifariş əsasında dondurma istehsal edirlər. Ölkədə 20-dən artıq dondurma istehsalçısı var, onların içərisində kiçik sexlər şəklində faliyyət göstərən də var. Hamısına nəzarət etmək isə mümkün deyil. Bəziləri yanvarda dondurma istehsal edib, üzərinə aprel tarixi yaza bilərlər. Dondurmalar mənfi 18 dərəcədən aşağı 10 ay müddətində saxlanıla bilər”.

 Ekspert vurğuladı ki, xaricdən gətirilən dondurmalar arzuolunan deyil:

“Xarici ölkələrdən gətirilən dondurmalara diqqət etsək görərik ki, yararlılıq müddəti 1 il və ya 1 il yarımdır. Belə dondurmalar AİB tərəfindən arzuolunmaz dondurmalar hesab olunurlar. Xüsusən xaricdən gələn dondurmaların ciddi problemləri odur ki, onlar yolda müəyyən temperatur riskinə məruz qala bilərlər. Avtomobillərlə daşınma zamanı soyuducular sıradan çıxa bilər və ya müvəqqəti dayana bilər. Bu zaman dondurma əriyir və yenidən dondurulur, bu cür dondurma çirklənmiş dondurma adlanır. Belə dondurmalar özlərini bükülüşündə biruzə verir. Bu səbəbdən də istehlakçılar yerli dondurmalara üstünlük verməlidirlər. Çox yaxşı haldır ki, AQTA bu ilin yanvarından etiket məlumatları ilə malın tərkibinin düz olub-olmaması öhdəsini öz üzərinə götürüb, araşdırmalar aparır. Yaxşı olar ki, AQTA Azərbaycanda olan bütün dondurma çeşidlərinin bu cür təhlilini aparsın. Çünki əksər hallarda dondurmanın etiketində yazılanla tərkibi düz gəlmir. Ola bilsin ki, tərkibinə qarışıq yağlar əlavə edirlər. Bir sözlə, istehlakçılar etiketləşdirilmiş dondurma alan zaman etiketə diqqət etsinlər. Şübhələri olan zaman, “1003” qaynar xətti ilə AQTA-ya məlumat versinlər. Açıq satılan dondurmalarda da problem olur. Ən çox vaxtı keçmiş dondurmalar bu şəkildə satılır".

E.Hüseynov onu da əlavə etdi ki, dondurmanı bir dəfəyə çox yemək olmaz:

"Əgər çox istifadə olunarsa, ciddi mədə-bağırsaq xəstəliyinə tutula bilər. Yaxud da temperatur çox aşağı düşə bilər, onu heç xilas etmək mümkün olmaz. Müəyyən vaxt intervalında kiçik porsiyalarla yemək daha uyğundur. Temperatur aşağı düşmə riskindən qorumaq üçün uşaqlar daha az qəbul etməlidir”.

Ekspert bildirdi ki, AİB-in loqosu olan məhsullar Azərbaycan bazarında var:

“Bunların içərisində dondurma da mövcuddur. Biz həmin dondurma istehsalı müəssisəsində “Açıq qapı”da keçiririk. Amma reklam olunmaması məqsədilə adını çəkməyəcəm”.

Humay İSGƏNDƏRLİ