"Mənzillərin sığortası bütün hallarda könüllü olmalıdır" - Deputatlardan AÇIQLAMA

 16:23 23.05.2023     1060

Bildiyimiz kimi, daşınmaz əmlakın icbari sığortası iyunun 1-dən artıq elektronlaşdırılır. İcbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər 200 manat cərimə edilir.

Vətəndaşlar isə daşınmaz əmlakın sığortasının icbari, yəni məcburi olmağından narazıdırlar. Onlar bidirirlər ki, bu sığorta könüllü olmalıdır.

Maraqlıdır, vətəndaşlar bu fikirlərində nə qədər haqlıdırlar?

Mövzu ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü deputat Aydın Hüseynov Redaktor.az-a danışıb.

Deputat bildirdi ki, mənzillərin icbari sığortalanması əmlak sahiblərinin mənafeyinə xidmət edir:

“Mənzillərin icbari sığortalanması daşınmaz əmlak bazarında nizam-intizamın yaradılması, əmlak sahiblərinin baş verəcək hər hansı fövqəladə hallar zamanı dövlət tərəfindən hüquqi mexanizmlər əsasında sığorta təminatı ilə əhatə olunması və onlara dəyəcək zərərlərin tam şəkildə qarşılanması məqsədini güdür. Bu mexanizm əslində mülkiyyət sahiblərinin mənafeyinə xidmət edir və dövlət tərəfindən əmlakın tam zəmanət alınmasını nəzərdə tutur. Bu qanunun tətbiqinin sərtləşdirilməsi daşınmaz əmlak bazarında fəallığı artırmaqla mənzillərin dövlət qeydiyyatına salınmasını sürətləndirə bilər".

Millət vəkili qeyd etdi ki, əslində mənzillərin sığortası ilə bağlı qaydalar yeni deyil, daşınmaz əmlakın icbari sığortası barədə qanuna edilən dəyişikliklər bir ildən artıqdır ki, qüvvədədir:

“Ancaq qanunun tələblərinə tam riayət edilmir. Bunun da səbəbi əmlak bazarında mülkiyyət hüquqları ilə bəzi problemlərin olmasıdır. Belə ki, bir sıra yaşayış binaları MKT-ların balansında olsa da, onların bir qismi hələ də mülkiyyət hüququnun təsdiqlənməsi haqqında çıxarış, yəni "kupça" ala bilmir. Bu isə qanunun tətbiqini, yəni mənzillərin icbari sığortalanmasını təmin edə bilmir. Belə ki, sığorta hadisəsinə uyğun olaraq, Bakıdakı ev və mənzillərin illik sığorta haqqı 50, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40, digər şəhər və rayonlarda isə 30 manatdır. Müvafiq olaraq, paytaxtdakı mənzillərə 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəki mənzillərə 20 min, digər şəhər və rayonlardakı mənzillərə isə 15 min manat sığorta təminatı verilir. Qanunda sığorta müqavilələri imzalanmadıqda imtina cərimələri nəzərdə tutulur. Belə ki, icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30, vəzifəli şəxslərə 80, hüquqi şəxslərə isə 200 manat məbləğində cərimə nəzərdə tutulub”.

Milli Məclisin deputatı Vahid Əhmədov dedi ki, əvvəllər sığorta könüllü olduğu üçün insanlar meyilli deyildi:

“Sığorta ilə əlaqədar təbliğat sığorta şirkətləri tərəfindən zəif aparılır. Son vaxtlar təbii fəlakətlər kifayət qədər çox baş verir, Türkiyədə də baş vermiş zəlzələ buna nümundədir. Eyni zamanda ölkəmizdə yanğınlar və s. xoşagəlməz hadisələr baş verir, insanlar da çıxılmaz vəziyyətdə qalır. Bu səbəbdən də icbari sığorta daha uyğundur. Məndə də müəyyən məlumatlar var ki, narazılıqlar olur ki, icbari yox, könüllü olmalıdır. Amma qanun qəbul olunubsa, insanlar sığorta etməlidirlər ki, sabah bir hadisə baş verəndə müəyyən qədər vəsait ala bilsinlər”.

Milli Məclisin deputatı Fazil Mustafa söylədi ki, mənzillərin icbari sığortası bütün hallarda könüllü olmalıdır.

“İcbari sığorta məsələsi qoyulursa, problem yaradacaq məsələlərdən biridir. Çünki insanların müəyyən dərəcədə məcburi şəkildə hüquqlarına problem yaradacaq. Şərtlər qoyulursa, düşünmək lazımdır, çünki gələcəkdə müəyyən insan hüquqları kontekstində də problem yarada bilər. Bütün hallarda könüllü prinsip əsasında gerçəkləşməlidir. Bütün mülkiyyətin məcburi sığortasını qoysaq mülkiyyət hüququnun əsaslarına hörmət edilməsi məsələsində narahatçılıqlar üzə çıxmağa başlayacaq. İyunun 1-dən tətbiqinə başlanılır, gedişatda müsbət və ya mənfi nəticə özünü göstərəcək. Ümid edirəm ki, vətəndaşların fundamental konstitusiya hüquqlarına az zərər vuracaq”, - deyə millət vəkili bildirdi.

Humay İSGƏNDƏRLİ