"Necə olur ki, "Alman apteki"ndən alınan dərman təsir edir, o biri yox?" - Tanınmış həkim

 17:09 23.05.2023     960

Son aylarda apteklərdə bəzi dərman və tibbi vasiətələrin tapılmaması müzakirə mövzusudur. Ölkə vətəndaşları payızda apteklərdə yod tapmadıqları üçün dilə gəlmişdilər. İndi isə penisillin və C vitamini tapmadıqlarını bildirirlər. Ümumiyyətlə ilin fərqli dövründə ölkədə dərman çatışmazlığı ilə üz-üzə qalırıq. Bununla bərabər dərmanların keyfiyyətsizliyi də aktual mövzudur.

Maraqlıdır, nə üçün ölkə dərman çatışmazlığı ilə üzüzədir?

Bununla bağlı tanınmış həkim Aydın Əliyev Redaktor.az-a danışıb.

Həkim dedi ki, dərman çatışmazlığının əsas səbəbi ölkədə daxili istehsalın olmamasıdır:

“30 ildir biz müstəqilik, yetəri qədər maddi resurslarımız var. Dövlətin valyuta ehtiyatları var, amma təəssüflər olsun ki, bizdə daxili istehsal yoxdur. İkincisi məsələ isə idxalda monopoliyanın olmasıdır. Yəni dərman strateji məsələdir. Birbaşa dövlətin nəzərində olmalıdır. Çətin deyil ki, bizim əhalnin illik hansı dərman preparatından nə qədər istifadə etməsi hesablansın. Bunu hesablayıb ölkə olaraq lazımi dərman preparatlarını gətirib depolaya bilərik. Digər məsələ isə dərman preparatlarının keyfiyyəti ilə bağlıdır, bu da saxlanma şəraitindən asılıdır. Yəni bizdə saxlanma şəraitindən başqa idxal olunan dərman vasitələrindəki monopoliya var. Deməli, müvafiq qurumlar həmin dərmanların keyfiyyətinə yetəri qədər nəzarət edə bilmir. Hamı bilir ki, bizdə apteklərdən alınan dərman preparatları ilə, "Alman apteki"ndən alınan dərman preparatlarının keyfiyyətində fərq var. Halbuki hər ikisinin idxalına icazə verilir. Guya ki, tərkibi yoxlanılıb. Necə olur ki, biri təsir edir, biri yox? Demək ki, tərkibində, yaxud saxlanma şəraitində problem var. Dərman problemi bir neçə zəncirdən ibarədir. İstehsalçı, daşıyıcı, ara şirkət, idxal və saxlanma şəraiti bu zənciri əmələ gətirir. Bu həlqələrin hər birinə nəzarət olunmalıdır. Xəstə dərmanı qəbul edən ana qədər preparatın tərkibi qaydasında olmalıdır”.

A.Əliyev vurğuladı ki, müvafiq qurumların nümayəndələri bu problemlərlə bağlı suala adekvat cavab vermir:

“Sual başqadır, cavab olaraq fəqli fikir söyləyirlər”.

Humay İSGƏNDƏRLİ