"Mənzillərin sığortası məcburi olmamalıdır" - Ekspert məsələyə yenidən baxılmasını təklif etdi

 17:08 24.05.2023     718

Bildiyimiz kimi, daşınmaz əmlakın icbari sığortası iyunun 1-dən etibarən elektronlaşdırılır. Bundan sonra icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər 200 manat cərimə ediləcək.

Qeyd edək ki, daşınmaz əmlakın icbari, yəni məcburi sığortalanması və buna görə cərimə tətbiqi çoxsaylı vətəndaşlar tərəfindən narazılıqla qarşılanır. Hər kəs hesab edir ki, özəl mülk icbari yox, könüllü sığortalanmalıdır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov da hesab edir ki, mənzillərin sığortası məcburi olmamalıdır.

“Ümumiyyətlə daşınmaz əmlakın icbari sığortası doğrudurmu? Hesab edirəm ki, buna birmənalı olaraq “hə” cavabını verməyin özü belə doğru deyil. Təsəvvür edin ki, bir insan kənddə bütün evlərdən uzaqda 1 km kənarda, dağın yamacında özünə bir yer tikib. Bu, onun əmlakıdır. Niyə məcburi şəkildə sığortalamağa məhkum edilməlidir ki? Ona görə də bu sığortalanma məsələsi avtomobillərdə olan icbari sığorta kimi məcburi hal almamalıdır. Çünki avtomobil bilavasitə üçüncü şəxsə yönəlikdir, yəni siz sığortalamalısınız ki, üçüncü şəxsə dəymiş zərər ödənsin. Amma burada vəziyyət bir başqa cürdür. Birinci məsələ odur ki, sığorta könüllülük əsasında olmalıdır. Müəyyən hissəsi isə məcburi ola bilər. Amma məcburi harda ola bilər? Sıx məskunlaşma şəraitində, bina evlərində. Çünki bir mənzilə dəymiş zərər digərini də zədələyə bilər. Məsələn, birində yanğın baş verərsə, digərinə keçə bilər. Təkcə şəhərlər üzrə olan məbləği yox, eyni zamanda mənzilin özünün yerləşməsindən asılı olan məsələyə yenidən baxılmağa ehtiyac var", - deyə o, bildirdi.

Ekspert ödəniləcək sığorta məbləğindən də narazılıq etdi. Onun sözlərinə görə, qanuna əsasən ödəniləcək sığorta məbləği Bakı şəhərində 25000, Naxçıvan, Sumqayıt, Gəncədə 20000, digər ərazilərdə 15000 manat olacaq.

"Bakı şəhərində 200-300 minlik mənzillər var. Bir mənzil yandığı zaman 25 min manat nəyi qarşılayacaq? Yəni 25 minlik məbləğ çox azdır, bunu sığorta statistikasında da görürük. 53-54 milyonluq sığorta pulu yığılıb, təxminən onun 1 milyondan bir qədər artığı, 1 milyon 95 min manatı ötən il sığorta ödənişi edilib. Cəmi 2,03 faiz sığorta ödənişi edilib, 98 faiz ödənişdən kənar qalıb. Yəni bu rəqəmin özü onu göstərir ki, 25000 manatlıq ödəniş azdır”, - deyə Eldəniz Əmirov bildirdi.

Humay İSGƏNDƏRLİ