Yeniyetmələr niyə evdən qaçır?

 18:55 30.05.2023     474

Ölkədə bir neçə müddətdir ki, 12-13 yaşındakı yeniyetmə qızlar evdən qaçıb gedirlər. Sonradan ailələrinə təhvil verilsə, belə yeniyetmələrin evdən getmə halı artıb.

Yeniyetmələrin evdən çıxıb getməsinə gətirib çıxaran səbəb nələrdir?

Mövzu ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Redaktor.az-a danışıb.

O bildirdi ki, uşağın evdəki, cəmiyyəətdəki mühitini bilmək lazımdır:

“Bunları bilmədən uşaq haqqında hansısa, qeyri-adevkat fikirlər səsləndirmək olmaz. Amma burada məsələ ondadır ki, vəziyyəti qiymətləndirməyincə uşağın hansı səbəblər üzündən evdən getdiyini bilmək olmaz. Bəlkə kimsə ona evdən təzyiq edir, bəlkə çevrəsində elə adamlar var ki, onların təsiri altındadır. Ümumi, məsələn, rayonları götürsək, bu dəqiqə uşaqlar üçün hansısa asudə vaxtın təşkili və yaxud stimullaşdırıcı proqramlar çox azdır. Demək olar ki, yox dərəcəsindədir. Valideynə elə gəlir ki, onun missiyası uşağın tələblərini yerinə yetirmək, yedizdirmək, içizdirməkdir. Amma onla bağlı söhbət aparmaq, onun arzuları, istəkləri və daxilində baş verən hansısa dəyişiklikləri hiss etməyə vaxtı olmur. Uşaq uşaqdır və uşaq müxtəlif səbəblərdən qaça bilər, zorakılıqdan, hansısa məcaranı yaşamaq istiyər, kiminsə təsiri altına düşə bilər. Uşaq haqqında bəziləri ədəbsiz ifadələr işlədirlər, məsələ bu deyil. Sadəcə olaraq uşaq üçün mühit normal deyil və uşaq da müxtəlif təsirlərə düşür”.

M.Zeynalova qeyd etdi ki, uşağın ehtiyacları təkcə yemək və qida olmamalıdır:

“Elə yaş dövrü var ki, orda təkcə qida kifayət eləmir, orda dəstək lazımdır, onu dinləmək lazımdır. Bu baxımdan mən çox əleyhinəyəm ki, azyaşlılar haqqında olmazın fikirlərini səsləndirənlər var. Heç biri düşünmür ki, bu hadisə hər birimizin başına gələ bilər. Yəni həmin keçid dövrünü əgər diqqətdən kənarda qoysaq, hər birimiz bu problemlə üzləşə bilərik, bunun üçün bir az həssas olmalıyıq”.

Humay İSGƏNDƏRLİ