"Ailədə övlada qarşı biganəlik varsa, yeniyetmənin xoşagəlməz əməllərinə şahid oluruq" - Psixoloq

 14:26 31.05.2023     613

“Yeniyetmənin şəxsiyyətində mövcud olan nəyisə dəyişmək, yenidən tərbiyə etmək məqsədyönlü deyil, tamamilə faydasızdır”.

Bu sözləri psixoloq Aytən Ələkbərova yeniyetmələrin evdən çıxıb getməsinin səbəbləri haqqında Redaktor.az-a danışarkən bildirib.

Psixoloqun sözlərinə görə, şəxsiyyətin birbaşa təşəkkülü heç də təkcə bioloji deyil, eyni zamanda sosioloji və psixoloji amillərdən asılıdır:

“Erkən evlilik haqqında ümumiyyətlə təsəvvürləri tamamilə yox etmək istəyirik. Amma bədəndə gedən cinsi yetişkənlik buna hazır olub SOS siqnalının çalındığını göstərir. Onlar hisslərlə addım atırlar, buna görə psixoloji söhbətlər aparmaq lazımdır. İlk olaraq şüurda baş verən əsas dəyişiklikləri fərqləndirmək, ikinci hər yaşda uşaqla mühit arasında təkrarolunmaz münasibətlər sisteminin təməlini təşkil etmək, inkişafın sosial şəraitini müəyyənləşdirmək lazımdır. Çünki  həmin zaman uşaqlarda baş verəcək bu cür xarici addımların qarşısı alınacaq. Ailənin diqqəti olan, dərsə meyli olan uşaqlarda xoşa gəlməyən hadisələrlə rastlaşmırsan. Amma hansısa ailədə övlada qarşı biganəlik, valideynin özünə qarşı biganəliyi varsa, yeniyetmənin xoşagəlməz hallarına şahid oluruq".

Aytən Ələkbərova qeyd etdi ki, artıq məktəblərdə altıncı sinifdə mayalanma dərsi keçilir:

“Bir balaca artıq yetişkənlik dövründə hər şeyə hazır olduqlarını düşünürlər. İki yeniyetmənin söhbətinə qulaq asırsan, biri deyir ki, mənim çoxlu uşaqlarım olacaq, mən onu saxlaya bilməyəcəm. Bədəndə gedən proseslərdən özünü ona hazır hiss edir, amma bu şüursuz bir addımdır. Bəzən valideyn deyir ki, yox, mənim övladım bunu bilə bilməz. Amma söhbətlər əsasında baxırıq ki, yeniyetmələr hər şeydən xəbərdardır”.

Humay İSGƏNDƏRLİ