Azərbaycandakı "Bolt", "Uber" və "Yango" taksi şirkətləri bağlanacaq? - AÇIQLAMA

 17:13 02.06.2023     2257

Ötən günlərdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Uber”, “Bolt” və "Yango" taksi şirkətlərinin Azərbaycan qanunlarını pozduğu barədə açıqlama verib. Onun sözlərinə görə, bu şirkətlər hələ də qanunvericilikdə olan boşluqlardan istifadə edərək istər sərnişinlərin, istərsə də sürücülərin narazılığına səbəb olan neqativ halların yaranmasına bilavasitə yol açır.

Nazir daha sonra bildirib ki, çox yaxın zamanda qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi gözlənilir. 

Bəs, bu dəyişiliklər nədən ibarət ola bilər?

Qlobal taksi şirkətləri ilə bağlı hansı addımlar atıla bilər ?

Mövzu ilə bağlı Redaktor.az nəqliyyat eksperti Aslan Əsədovla danışıb.

Onun sözlərinə görə, əsas dəyişikliklər sürücülərin çox işləməsi, əmək müqaviləsinin bağlanmaması, kartlarla bağlı ödəniş sistemi ilə bağlı olacaq:

"Müştəri bank kartı ilə ödənişi edir, amma sürücü yaxınlaşır deyir ki, kartladırsa, mən getmirəm, imtina edir və sair. Bu kimi boşluqlar var”.

Ekspert qeyd etdi ki, qanunlarda dəyişikliklər əsas olaraq tələblərin pozulması ilə bağlıdır:

““Bolt”, “Uber” və s. aqreqator xidmətlərinin müsbət tərəfləri də çoxdur ki, sərnişindaşımada müasir texnologiyanı tətbiq etdilər. Amma qanunvericiliyə dəyişikliklər o demək deyil ki, onlar işləyə bilməzlər, onlar üçün xüsusi qadağa olacaq. Xeyr. Onlar beynəlxalq şirkətdir və Azərbaycan da sərmayəyə açıq bir ölkədir. Azərbaycana istənilən xarici investor daxil ola bilər, sərmayə qoya bilər. Əsas da qeyri-neft sektorunun inkşafına yönəlik sərmayələrdən söhbət gedir".

Aslan Əsədov vurğuladı ki, Bakı şəhərinin ən mühüm problemlərindən biri də sərnişindaşıma ilə bağlı problemlərdir və qanunvericilikdə gözlnilən dəyişikliklər bu mövzuda olacaq.

Arzu İSMAYIL