Böyük marketlər kiçikləri niyə sıradan çıxarır? - Ekspert açıqladı

 18:04 05.06.2023     346

Bakıda günü-gündən supermarketlərin sayı artmaqdadır. Xüsusilə də kiçik marketlərin yanında da böyük supermarketlərin açıldığına da rast gəlirik. Bu da nəticədə kiçik biznesi olan insanlara zərər vurur. Yəni kiçik mağaza sahiblərinin müştəriləri azalır ki, bir çox hallarda onlar öz mağazalarını bağlamağa məcbur olurlar.

Məsələ ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirdi ki, böyük marketlərin kiçik marketləri vurması təbii haldır.

Onun sözlərinə görə, bu, bazar iqtisadiyyatı ilə əlaqədardır.

"Güclülər həmişə zəifləri yeyir, yəni bu yalnız vəhşi təbiətdə deyil, həyatın hər sahəsində var. Bu, vəhşi təbiətdə də var, heyvanlar aləmində də var. Hətta bitkilər aləmində güclü bitkilər zəifləri öz kölgəsində boğur. Görürsünüzmü, böyük ağaclar, kiçik ağacları necə öz kölgəsində boğur, imkanlı insanlar zəifləri necə boğur, səlahiyyətli insanlar digərlərini necə boğur? Yəni istənilən müəssisə daxilində, iş şəraitində belə, güclülər zəiflər üzərində qələbədədir. Marketlərdə güclülər zəiflər üzərində həmişə təsir edir. Yəni bu bir rəqabətdir. Güclü restoranlar zəif restoranları sıradan çıxardır. Ona görə də bu, tam bazar iqtisadiyyatına əsaslanan bir sistemdədir. Yəni bundan qorxmaq lazım deyil. Mən düşünmürəm ki, bundan qorxmaq lazımdır. O şeydən qorxmaq lazımdır ki, orada rəqabət yoxdur".

Ekspertin fikrincə, subyektiv amillərin təsiri ilə zəiflərin sıradan çıxarılması qorxuludur:

"Bu, yaxşı şey deyil. Amma market məsələsində belədir ki, böyük marketlərdə xidmətin eyni səviyyədə, eyni yerdə göstərilməsi, yəni bir böyük marketə daxil olan alıcıların istədiyi hər bir məhsulu orada tapa bilməsi və rahatçılığı nəticədə insanları cəlb edir. Amma ki, məsələn, insan bir marketə gedir, orada lazımı bütün şeyləri tapa bilmir, almaq istədiyi siyahısını tamamlamaqdan ötrü beş market, üç market gəzməlidir və buna vaxt gedir, bəzən tapa bilmir. Amma böyük marketlərdə insanlar istədiyi hər şeyi tapa bilir deyə, nəticədə böyük marketlərin alıcılarının sayı günü-gündən artmaqdadır. Yəni bu, təbii bir prosesdir".

Həmidə İBRAHİMLİ