"Küçələr, yollar, hətta məhəllədaxili yollar belə işıqlandırılmalıdır" - Ekspert

 18:33 06.06.2023     695

Ölkə ərazisində bəzi yolların işıqlandırılması zəifdi, yaxud heç yoxdur. Bu xüsusilə də magistral yollara aid olsa da, bəzi şəhər, rayon və qəsəbələrdə, küçə və məhəllələrdə bu problem aktualdır. Magistral yollarda isə, yol boyu işıq dirəkləri var, amma işıqlar yanmır. Bu hal çox vaxt yol qəzalarına səbəb olur.

Bəs, bu problemin qalması daha nələrə gətirib çıxara bilər ?

Məsələ ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, bu, çox ciddi problemdir.

“Hərəkət iştirakçıları, istər sürücülər, istər piyadalar işıqlandırma ilə bağlı çox çətinliklər yaşayır. Cənab Prezident tərəfindən iki ildən çoxdur ki, tapşırıq verilib. O, hökümət üzvləri ilə görüşündə tapşırıb ki, küçələr, yollar, hətta məhəllədaxili yollar belə işıqlandırılmalıdır. Xeyli müddət keçib. Bəzi rayon icra hakimiyyətləri artıq hərəkətə başlayıblar, amma bunu kütləvi şəkildə etmək lazımdır. Bütün küçələr, yollar işıqlandırılmalıdır. Xüsusən də, piyada keçidləri işıqlandırılmalıdır. İşıqlandırılmanın olması həm də yol-nəqliyyat hadisələrinin qarşısını alır, yəni sürücülərin piyadaları vurma ehtimalı aşağı düşür”.

Nəqliyyat eksperti qeyd etdi ki, digər tərəfdən küçələrdə oğurluqlar, avtomobillərin şüşələrinin sındırılması, qarət olunması, qaranlıq yerlərə narkomanların yığışıb özlərinə məskən salması kimi neqativ hallar var ki, işıqlandırılma olsa, bunların qarşısı alınacaq.

Həmçinin o, bir daha vurğuladı ki, bir çox cəhətdən işıqlandırma mütləq lazımdır.

"Azərbaycan özü enerji istehsalçısıdır, qonşu ölkələrə enerji satır və bu enerjidən bizim insanlarımızın həyat və sağlamlığı üçün istifadə etmək vacibdir", - deyə E.Muradlı qeyd etdi.

Arzu İSMAYIL