"Xəstəxanaların onlayn sistemi hələ tam qaydasında deyil" - Ekspert

 18:03 07.06.2023     636

Son zamanlarda poliklinika və xəstəxanalarda onlayn sistemin çökməsi hallarına tez-tez  rast gəlirik. Bu isə, insanlar arasında narahatlığa səbəb olur, çünki uzun növbələr yaranır, xəstələr saatlarla gözləyir.

Bu hallar niyə tez-tez baş verir? Çıxış yolu nədir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan tanınmış onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybullanın fikrincə, icbari tibbi sığorta tətbiq edildikdən sonra belə müəyyən problemlər olur.

“Bu onunla bağlıdır ki, sistem hələ tam qaydasında deyil. Yəni hibrid onıayn sisteminin konkret olaraq mərkəzləşdirilmiş proqram üzrə təyinatı tam həyata keçirilməyib. Ona görədə müəyyən problemlər var. Hesab edirəm ki, aradan qaldırılacaq. Digər tərəfdən icbari tibbi sığortanın effektiv işləməsi üçün birinci növbədə bu növbəlilik sistemi təmin edilməlidir. Bu çox vacibdir. Əks halda insanlar gedir, orda basabas yaranır,nəticədə effektiv sistem qurmaq mümkün olmur. Həm həkim yorulur, həm xəstələr narazı qalır, həm də bəzi şəxslər həmin gün qəbula düşə bilmir. Bu da bəzən haqlı bəzən haqsız narazılıqlara səbəb olur”.

Professor qeyd etdi ki, mərkəzləşdirilmiş proqram üzrə qəbul sisteminin yaradılması çox vacibdir.

“Təbii ki, bu sistemn yaradılması prosesində müəyyən qüsurlar var. Səhiyyənin vahid sistem kimi fəaliyyət göstərməsi hələ tam təmin edilmədiyindən problem var. Vahid sistem dedikdə ilk olaraq nəzərdə tutulur ki, səhiyyənin rayonlarda və Bakıda səviyyəsinin bir-birinə uyğunlaşdırılması, eyni şəbəkə sisteminə keçirilməsi, bütün tibbi sənədlərin onlayn,elektronlaşdırılması, bəzi arayışların verilməsinin onlayn olması və sair”,- deyə o bildirdi.

Arzu İSMAYIL