İntiharı qadağan etmək mümkündür? - Hüquqşünas AÇIQLADI

 15:31 08.06.2023     578

Özünün qeyri-adi qərarları və hərəkətləri ilə seçilən Şimali Koreya lideri Kim Çen In bu dəfə ölkə xalqına intihar etməyi qadağan edib və bunu “sosializmə xəyanət”lə eyniləşdirib.

KXDR lideri intiharı qadağan edən mexanizmlərin hazırlanmasını tapşırıb.

Bəs, intiharı qanunla qadağan etmək mümkündürmü? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan hüquqşünas Şamil Paşayevin sözlərinə görə, intahar insanın özünün həyatına son qoymasıdı.

“Hər hansı qadağa, sanksiya ilə şəxsin özünü öldürməsinin qarşısını almaq demək olar ki, mümkün deyil. Bu qərarın hər hansı bir müsbət nəticəyə gətirəcəyini də güman etmirəm. Bəlkə psixoloji cəhətdən bir az hazır olmayan insanlara və sairə təsir edər. Belə ola bilər ki, qərarda intihar edən adamlara əgər sağ qalarlarsa, özünü öldürməyə müvəffəq olmazlarsa, o zaman cəza verilə. Bu zaman adamlar qorxar, çəkinər. Bunun hüquqi cəhətdən nəticəyə varacağını demək çətindir”.

Hüquqşünas əlavə etdi ki, əsas məsələ insanların niyə intahar etməsidir, bu səbəblər araşdırılmalıdır.

“Bunun qarşısını almaq üçün nələr etmək lazımdır, insanları intahardan uzaqlaşdırmaq üçün hansı addımları atmaq vacibdir və sair. Bunu hesablasalar daha səmərəli olar və vətəndaşların özlərini öldürməsinin sayını bu yolla azaltmaq olar. Yoxsa intaharın qadağan edilməsinin, insanların özünü öldürməsinin qarşısını alacağını güman etmirəm”,-deyə o bildirdi.

Arzu İSMAYIL