"Kadr siyasətində də nəsillərarası varisliyə çalışmaq lazımdır" - Sosioloq

 10:01 16.06.2023     832

Tarixən də, indi də insanları düşündürən məsələlərdən biri nəsillər arasındakı fərqlər olub. Bildiyimiz kimi, Z nəsli 1996-cı ildən sonra doğulan və indi gəncliyini yaşayan şəxsləri əhatə edir. Nəsillər arasındakı fərqlər Z nəslindən də göründüyü kimi kəskin şəkildə özünü büruzə verir. Z nəslinin ən görkəmli xüsusiyyəti, bu şəxslərin internet və texnologiya ilə böyüməsidir. Milyonlarla proqram hiylələri, planşetlər, kompüterlər və ən əsası smartfonlar və sair. Bütün bu texnoloji rəqəmlər Z nəslini ictimai və elmi olaraq irəli aparır. İnsanlar müxtəlif təhsil sistemlərində iştirak edir, inkişaf edir, avadanlıqlara malik olur. Lakin sonda fərdlərin əldə etdikləri avadanlıq onları əksinə gərginləşdirir, narazı salır və nəticədə bədbəxtlik özünü göstərir. Profil yaradan və sosial platformalarda rol tapan şəxslər; hər mövzuda bir fikir yaradırlar, amma sosial mediadan uzaqlaşdıqda intensivliyi demək olar ki, sıfıra enir. Bütün bu imkanların mənfi tərəfləri X nəsil və Y nəsil ilə qarşıdurmalara səbəb olur.

Qeyd edək ki, 1965-1979-cu il təvəllüdlü insanlar tərəfindən təmsil olunan X nəsil və 1980-1999 illəri arasında təmsil olunan Y nəsilini təmsil edir.

Bəs, nəsillər arasında başqa hansı fərqlər var?

Mövzu ilə bağlı Redaktor.az-a danışan sosioloq Üzeyir Şəfiyev dedi ki, toxunduğumuz mövzu bu gün də ən aktual məsələrdən biridir.

Onun sözlərinə görə, əslində nəsillər arası xarakter fərqləri, uyuşmazlıq, yəni konflikt tarix boyu müzakirə obyekti olub:

"Hər zamanın, dövrün öz çağırışları olub. Hətta buna antik dövr filosoflarının yazılarında da rastlaşırıq. Əvvəlki dönəmin yazıçılarında da görürük. Atalar və oğullar problemi həmişə olub. Fəlsəfədə buna inkarı inkar qanunu deyirlər. Yeni nəsilin köhnə nəsli inkar etməsidir. Yeni trendlər, çağırışlarla formalaşan nəsil, zamanın ruhundan doğan yeni bir nəsil artıq əvvəlki nəsli qəbul etmir və əvvəlki nəsil də bəzən bu yeni çağırışlara tolerant yanaşa bilmirlər, dözümlü olmurlar və onlar hər ikisi bir-birini tənqid edir. Gənc nəsil köhnə nəsli nihilizmdə ittiham edir. Köhnə nəsil isə gənc nəsli öz tarixi-ənənəvi yolundan çıxmaqda ittiham edirlər. Bu, bu günün problemi deyil, zaman-zaman olan bir problemdir. Tarix boyu olub. Müxtəlif nəsillər var, məsələn bugünkü nəsil Z nəsli adlanır. Bundan sonra "alfa" nəsli olacaq. Hər nəslin zamana uyğun öz xüsusiyyətləri var. Bir söz deyilir: hər bir insan valideynlərindən çox zamanın övladıdır. Hər zamanın öz insanı var. Həmin adamı əvvəlki nəsildən olan adamlar bir qədər çətin qəbul edirlər və bəzən tolerant yanaşa bilmirlər”.

Sosioloq bir daha qeyd etdi ki, bu səbəblərə görə yeni nəsil köhnə nəsli, köhnə nəsil də yeni nəsli dözümsüzlükdə və yaxud konservatizmdə ittiham edir.

“Məsələn, bugünkü nəsil  daha çox texnologiyaya bağlı, rəqəmsal cəmiyyət çağırışları fonunda formalaşan bir nəsildir. İndiki nəsil orta məktəblilərindən artıq internetlə formalaşandır. Əvvəlki nəsilə sosiallaşma institutu kimi bu internet resursları təsir edə bilmirdi. Əvvəlki nəsil həyatı ədəbiyyat idi, yəni yazıçı və şairlərin əsərləri, televiziyalar idi və yaxud mövcud olan adət-ənənələr idi. Amma indiki nəsildə artıq yeni sosiallaşma agenti formalaşıb. Sosial şəbəkə, sosial medialar, internet resursları və sair artıq bunlar yeni nəslin sosiallaşmasında öz töhfələrini verir. Və bu sosiallaşma institutunun təhsili fonunda hansı ki, artıq yeni bir nəsil formalaşır. Əlbəttə ki, bu nəsili əvvəlki nəsillərlə müqayisə etmək bir qədər çətindir. Ancaq bu o anlama gəlmir ki, nəsillər arası varislik itməlidir. Nəsillər arası varisliyi həm də qorumaq lazımdır. Çünki  nəsillər arası varisliyi, milli adət-ənənələri, dəyərləri qoruyub saxlamaq millət üçün çox böyük məna kəsb edir. Hətta ölkə başçımız da dəfələrlə vurğulayıb ki, biz bu qlobal çağırışlar fonunda cəmiyyətin məzmun və strukturunda baş verən dəyişikliklər fonunda adət-ənənələrimizi, dəyərlərimizi qoruyub saxlamalıyıq. Çünki milləti millət edən əsas şərt onun adət-ənənələridir, arxetipləridir. Amma biz arxetiplərdə də boğulub qalmalı deyilik. Həm də yeni zamanın çağırışlarına cavab verməliyik. Çünki, yeniliyə reaksiyasız qalsaq, şübhəsiz ki, bizim cəmiyyətdə ətalət hökm sürər, yerimizdə saymış olarıq”, - deyə Üzeyir Şəfiyev vurğuladı.

Sosioloq hesab edir ki, Azərbaycan gəncliyi qlobal miqyasda ən rəqabətə davamlı bir gənclərdəndir:

“Azərbaycan gənci intellektual bir gəncdir. Əgər biz şahmat yarışmalarını götürsək, şahmat oyunu nədir? İntellektual oyunlardandır. Azərbaycan tarix boyu və bu gün də şahmatda sözünü deyən bir ölkə olub. Baxmayaraq ki, əhali sayımız azdır. Ondan başqa, bəzən qlobal miqyasda  olan intellekt yarışlarına baxırıq. Məsələn, 15 yaşlı azərbaycanlı qız Reyhan Camalova Hindistanda keçirilən böyük yarışda qalib oldu. Hətta o vaxtki ABŞ prezidenti Trampın qızı onun intellektini dəyərləndirdi. Azərbaycan gənci hər baxımdan, xarakteri olaraq da özünü təsdiqləyən bir gəncdir. Hətta 44 gün davam edən və zəfərlə bitən Vətən müharibəsində  Azərbaycan gənci özünü təsdiqlədi. Artıq köhnə, yaşlı nəslin gənciləri ittiham etmək, onu qınaq obyektinə çevirməsi imkansızdır. Çünki, Azərbaycan gənci artıq özünü təsdiqləyib. Həm müharibə cəbhəsində, həm intellektual cəbhədə. Mən güman edirəm ki, Azərbaycan gənci özündən öyünməyə haqqı olan bir gəncdir. Təbii ki, bunların formalaşmasında yaşlı nəslin də payı var, çünki Azərbaycan ahılları da özünü təsdiqləmişdir. Xatırlayıram ki, Vətən müharibəsində pensiya alanlar, təqaüd yaşında olanlar öz sonuncu tikəsini aparıb ordu fonduna göçürürdü ki, ordumuz qalib gəlsin. Bunlar gənclər üçün də bir örnək idi. Yaşlıların da, gənclərin də hər birinin özü ilə qürur duymağa haqqı çatır”.

Ü.Şəfiyev bir daha qeyd etdi ki, nəsillərin bir-birini inkarı olan bir şeydir.

"Yeni nəsil istəyir ki, qabaqcıl çağırışlara cavab versin, yaşlı nəsil isə bu yeniliyi hamılıqla tolerant qəbul etməkdə çətinlik çəkirlər. Ancaq ziyalı, düşüncəli ahıllar bu yenilikçi gəncləri təqdir və qəbul edirlər. Qürur duyurlar”-deyən sosiloq əlavə etdi ki, bəzən bir-birini qəbul etməzlik halı baş verir:

“Ancaq bu, bütövlükdə Azərbaycan cəmiyyətinə şamil ola bilməz. Bu təkcə Azərbaycanda deyil, qlobal bir miqyasda, bütün ölkələrdə və cəmiyyətlərdə olan bir məsələdi. Hər nəslin öz özəlliyi var. Müsbət məhziyyətləri var. Yaşların da, gənclərin də. Bugünkü gənclik həm də yaşlıların kölgəsində, qayğısında, töhfələrində özlərini təsdiqləyib. Əslində onlar da bir sosiallaşma mühitidi bu gənclər üçün. Bunlar heç bir-birinə zidd şəkildə, əks şəkildə durmalı deyillər. Əslində bir-birinin davamıdır. Nəsillərin varisliyini mən təqdir edirəm. Yaşlı, orta və gənc nəsil. Əgər nəsillərin varisliyi varsa, bu cəmiyyətdə sosial xarakterin formalaşmasına töhfə vermək anlamına gəlir. Bu baxımdan hesab edirəm ki, nəsillər arası varisliyi təmin etmək üçün əlavə tədbirlərə ehtiyaclar var. Məsələn, informasiya vasitələri ilə, sosial media vasitəsilə, televiziyalar vasitəsilə bunu etmək lazımdır, nəinki bəzi verilişlərdə nəsilləri bir-birinə qarşı qoymaq. Əslində onların bir-birinə verdiyi, ötürdüyü töhfələri təqdir və təşviq etməliyik. Çoxlu gənclər var ki, ahıl və yaşlı insanları yeni texnologiyaları öyrənməkdə dəstəkləyirlər, köməklik göstərirlər. Eləcə də, ahıllarımız da gənclərin milli adət- ənənələrlə, dəyərlərlə tərbiyə olunaraq sosial təkrar istehsalı təmin edirlər”.

Həmsöhbətimiz bildirdi ki, Azərbaycan cəmiyyətində kifayət qədər dəyərli arxetiplərimiz var.

“O arxetiplər bu nəsillərin varisliyini qorumağa kömək edir. Məsələn, bizdə ağsaqqal arxetipi var. Hətta belə deyimlər də var: imansız yerdə otur, ağsaqqalsız yerdə oturma. Bu arxetiplər nə qədər yaşayacaqsa, varislik yaşayacaq. Və nəsillərin bir- birindən faydalanaraq gələcək nəsillərin sağlam, vətənə layiqli vətəndaş kimi formalaşmasında davamlılığı qoruyacaq. Bu nəsillərarası varisliyə çalışmaq lazımdır. Hətta adi həyatda da, iş yerlərində də, kadr siyasətində də bunu biz gözləməliyik. Bəzən olur ki, 65 yaşdan yuxarıları dərhal fəaliyyət sahələrindən çıxarırlar. Faydalı kadrların, bütün nəsildən olan kadrların əmək müəssisələrində saxlanılması lazımdır. Həm bu əmək seqmentində varisliyin təminatına töhfə vermiş olar. Yəni, həm gənclər olsun, həm ahıllar, həm də orta nəsil. Bu zaman sağlam, normal sosiallaşma üçün misilsiz töhfə verilmiş olar”,-deyə o, vurğuladı.

Arzu İSMAYIL