"Hökumət son 6 ildə qiymət və inflyasiya artımının qarşısını ala bilmir" - Zahid Oruc

 13:58 13.06.2023     452

Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında", "Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında" qanun layihələrinə edilən dəyişikliklərlə bağlı çıxışında bir sıra vacib məqamlara toxunub.

Redaktor.az-ın məlumatına görə, komitə sədri qeyd edib ki, 2023-cü ilin dövlət büdcəsinin qəbulundan 5 ay sonra gəlir və xərclərə yenidən baxılması regionda iqtisadi və təhlükəsizlik risqlərinin ən yüksək olduğu, Rusiya-Ukrayna müharibəsinin əsrlərlə formalaşan iqtisadi-ticarət zəncirini məhv etdiyi bir vaxtda baş verir. 

Zahid Orucun fikrincə, ilin sonunadək qüvvədə olan büdcə qanunun və cari icra qrafikinin dəyişilməz qalması Böyük Qayıdışın gecikməsinə, milli təhlükəsizliyimizin yeni təhdidlərdən ziyan çəkməsinə səbəb olardı:

"Xatırladaq ki, sülh danışıqları ilə paralel, Ermənistan təkcə son aylarda Hindistandan 245 milyon dollarlıq silah alıb və 2025-ci ilə qədər onu 5 milyard dollara çatdırmağı hədəfləyir. Digər tərəfdən, 10 noyabrdan sonra Cənubi Qafqazda hərbi risqlər və Azərbaycana qarşı İrəvandan çox, daha böyük dövlətlərdən təhlükələr artıb. Ona görə də parlamentin hər bir üzvü prezidentin strateji qərarlarını alqışlayır.. Ona görə də hər iki sahə külli miqdarda əlavə vəsaitə ehtiyac duyur. Faktiki olaraq, dövlət rəhbəri azad olunan torpaqlarda Yeni Vətən qurur. Parlamentin hər bir üzvü prezidentin strateji qərarlarını alqışlayır".

Bununla bərabər, deputat bildirib ki, hökumətin son 6 ildə qarşısında dayanan ən böyük vəzifə qiymət və inflyasiya artımının qarşısını ala bilməməsidir.

"Obyektiv iqtisadi mərkəzlərin hesabatları göstərir ki, devalvasiyadan sonra əhalinin gündəlik istehlakında əsas yer tutan 20 adda məhsul-buğda unundan şəkər tozuna, düyüdən qara çaya qədər səbətin dəyəri 68% artıb. Həmin dövrdə əsas kommunal xidmətlər-elektrik enerjisi, təbii qaz və su-kanalizasiya üzrə əhalinin xərcləri orta hesabla 80% artıb. Beləliklə, son 6 ildə əhalinin yaşayışı 75%-dən çox bahalaşsa da, orta maaşlar 65%-ə yaxın artıb. Konkret əhali qrupları içərisində məsələn, təhsil işçilərinin - 2015-ci ildən diaqnostik qiymətləndirmədən sonra ötən 6 ildə orta məktəb müəllimlərinin məvaciblərinin artımı 55% təşkil etdiyi halda real inflyasiya həmin rəqəmlərin sosial effektini xeyli zəiflədib. 28 mayda seçkilərdə parlaq qələbə qazanan Rəcəb Tayyib Ərdoğan yeni hökumətə - özü də onun siyasətilə razılaşmayanları da daxil etdiyi təzə komandasına yüksək inflyasiyanın qarşısını almağı önə qoyub" - deyən komitə sədrinin sözlərinə görə, hökumətin ikinci önəmli vəzifəsi Azərbaycan iqtisadiyyatının sektorlar baxımından ənənəvi strukturunu dəyişdirməsidir:

"Yenə də qərəzsiz iqtisadi təhillərə diqqət yetirək-ölkəmizdə ÜDM-in 47 %-ni təmin edən neft sektorunda cəmi 39 min məşğul işçi, ÜDM-in 4.7%-ni təmin edən kənd təsərrüfatında isə ümumi məşğul əhalinin 36 %-i, yəni 1 mln. 809 min işçi çalışır. Göründüyü kimi, ÜDM-i əsas etibarı ilə bir sahə yaradır, məşğulluğu isə ən aşağı əmək məhsuldarlığına malik olan digər sahə. Kənd təsərrüfatı isə bütün dünyada olduğu kimi, ölkəmizdə də dövlət yardımı ilə ayaqda durur.

Azərbaycanın qeyri-neft sektorunda 2021-ci ildə ən böyük payla (10%) ticarət və nəqliyyat vasitələrinin təmiri, ondan sonra nəqliyyat və anbar təsərrüfatı (6,9%), emal sənayesi (6,9%) və tikinti (5,9%) yer tutur.

Halbuki pandemiya və Rusiya-Ukrayna müharibəsi dünyada təchizat zəncirindəki pozulmalar hesabına ölkəmizə yeni fürsətlər verib. Qlobal bazarda məhsul qıtlığı ölkəmizin kimya və metallurgiya sənayesi məhsullarına tələbatı artırıb. Lakin kəndə və torpağa qoyduğumuz investisiya siyasəti, məsələn 100 min manatlıq kreditə görə paytaxtdan 3 dəfə bahalı əmlak tələb edəcəyiksə, aqrar təsərrüfat neftin alternativi olmayacaq və idxaldan asılılığımız azalmayacaq.

Qeyri-neft ixracı böyümədən dayanıqlı iqtisadi artım mümkün olmur. Digər tərəfdən, neft hasilatı azalır, son illər SOCAR-ın idarəçiliyi İnvestiya Holdinqi vasitəsilə açıq və şəffaf olmaqdansa, daha da qapanıb və peşəkar kadrların şirkətdən getməsi hasilatın azalmasında önəmli faktordur. Artan təbii qaz hasilatı neft gəlirlərini kompensasiya edə bilmir".

Zahid Oruc bildirib ki, su ilə bağlı əhalinin son illər yaşadığı çətinliklər hökumətin qarşsıında həlli vacib məsələ kimi dayanır. Onun fikrincə, büdcə dürüstləşməsində onunla bağlı müddəalara ehtiyac vardı:

"İrriqasiya və içməli su təminatına dair vahid struktur yarandıqdan sonra qurumun rəhbərliyi xalqın qarşısına çıxıb hər hansı aydın proqram elan etməyib. Lakin Kür çayı ətrafında xeyli spekulyasiylar mövcuddur. Hökumət ölkə başçısının tapşırığı ilə bir neçə qapalı müşavirələr keçirib, lakin bəzi faktları səsləndirmək istərdik.

Kür çayının formalaşmasında Türkiyənin payı 6-7 faizdən yuxarı deyil, yəni aktiv su toplama ərazisi qardaş ölkədə çox kiçikdir. Ora əkinçilik üçün münbit ərazi deyil, çünki dağlıq relyefdir. Ermənistanda Kürün su toplama hövzəsi daha genişdir, çünki yüksək dağlıq ərazilərə düşür, yəni, suvarma və elektrik stansiyaları orada da zəifdir.

Gürcüstan 4000 min metr yüksək dağlardan gələn mənbələr hesabına Kür suyunun formalaşmasında aparıcı yer tutur. Lakin orada da istifadə imkanları aşağıdır. Kür suyunun əsas hissəsi qonşu ölkələrdən Azərbaycana daxil olur. "Qırmızı körpü"yə gedib onu görə bilərik. Çeyrançöl, Korçay, Ağyazı, Haramı və Mil-Muğan düzləri daxil qış otlaqları əkildiyi üçün on min hektarlarla yeni ərazilər suvarmaya cəlb olunub. Ona görə də qeyri-bərabər və qaydasız su istifadəsi əhalinin təminatına mənfi təsir edir. Heyvandarlıq məhsullarının qiymətinin artması da onunla birbaşa bağlıdır".

Turan İSMAYIL