Göyçayda növbəti dəfə “Aqroturizm və sosial Sahibkarlıq” festivalı keçirildi - FOTO

 18:44 24.06.2023     349

Göyçay şəhərində növbəti dəfə “Aqroturizm və sosial sahibkarlıq” (#GöyçayFest) festivalı baş tutub.

Redaktor.az xəbər verir ki, festival Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “Region gənclərinin məşğulluğu üçün aqroturizmin təşviqi” layihəsi çərçivəsində reallaşıb.

Əsas məqsəd regionda aqroturizm, sosial sahibkarlığın inkişafına dəstək olmaq, yerli sahibkarların aqroturizmə marağını artırmaq, aqroturizm idarəetmə təcrübəsini təşviq etməklə əhalinin məşğulluq imkanlarını genişləndirməkdir. Həmçinin peşə mərkəzi müdavimləri, gənclər üçün əlavə gəlir gətirən, iqtisadi dayanıqlılığı özündə birləşdirən turizm növlərini inkişaf etdirməkdir.

Festivalda iştirak edən dövlət qurumlarının rəsmiləri və digər qonaqlar regionlarda belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışaraq sosial sahibkarların cəmiyyətə tanıdılmasının və gənclər arasında təbliğ olunmasının vacibliyini qeyd ediblər. Bildirilib ki,  aqroturizm vasitəsilə kəndlərin sosial-iqtisadi inkişafına təkan verilir, yeni iş yerləri yaradılır, sosial-mədəni xidmət sahələrinin və kənd təsərrüfatının inkişafına töhfə verilir.

Festival zamanı kənd təsərrüfatı, ictimai iaşə və aqroturizm istiqamətində maraqlı subyektlərin satış-sərgiləri təşkil olunub, sosial sahibkarların məhsulları nümayiş etdirilib.

Qeyd edək ki, tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Gənclər Fondu, Kənd Təsərrüfatı Nazirliyi, Göyçay Rayon İcra Hakimiyyəti, “Göyçay İnkişaf Mərkəzi”, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Göyçay-Süd ASC, Education HUB, "Əminlər" şirkəti və AIESEC Azərbaycan Gənclər Təşkilatının birgə tərəfdaşlığı ilə baş tutub.

22222