"4-5 ay sonra çörəyin qiyməti ucuzlaşacaq" - Ekspert

 15:23 11.07.2023     441

Bildiyimiz kimi, ölkədə buğdanın qiymətində enmə müşahidə olunur. Ancaq bu enmənin un məmulatlarına təsiri müşahidə edilmir. Vətəndaşlar üçün bu hal sual doğurur. Çünki bilirik ki, unun maya dəyərinin 95%-i buğdadır. Yəni, un məmulatlarının qiyməti aşağı düşməlidir.

Bəs, nə üçün hələ də çörəyin və digər un məmulatları ucuzlaşmır?

Mövzu ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov Redaktor.az-a danışdı.

Ekspert söylədi ki, ölkədə buğdanın qiymətinin ucuzlaşması, çörəyin qiymətində isə ucuzlaşmanın olmamasının başlıca səbəbi buğda tədarükünün bir neçə ay öncə həyata keçirilməsi və həmin tədarük hesabına bu gün çörək istehsalının baş verməsidir.

“2022-ci ildə, 2023-cü ilin əvvəlində də biz bunu müşahidə etmişik ki, buğdanın qiymətində ucuzlaşmalar olandan dörd ay, bəzən beş ay sonra çörəyin qiymətində eniş və yaxud da artım görürük. Məsələn buğdanın qiyməti 2022-ci ilin aprel ayında özünün pik həddinə çatmışdı, amma həmin dövrdə Azərbaycanda çörəyin qiyməti artmamışdı. Çörəyin qiyməti təxminən dörd ay sonra artımışdı. İndi buğdanın qiyməti enir, çörəyin də qiymətində təbii ki, yaxın aylarda müəyyən qədər enmə ehtimalı var”,-deyə iqtisadçı bildirdi.

Humay İSGƏNDƏRLİ