"Müştəriyə əvvəlcədən deyilməlidir ki, burada “servis haqqı” var"

 17:15 10.08.2023     928

Bildiyimiz kimi, Bakıda bəzi restoranlarda hesabdan əlavə "servis haqqı" da alınır. Bu da zaman-zaman müştəri və restoran arasında mübahisəyə səbəb olur. Hətta bəzi restoranlarda hər məhsula uyğun “servis haqqı” tələb olunur.

Müştərilər deyir ki, menyularda “servis haqqı”nın qeyd edilməməsi də doğru hal deyil. “Servis haqqı” ilə bağlı qanunda heç bir qərar qeyd olunmayıb.

Bəs geniş etirazlara səbəb olan “servis haqqı”nın alınması nə dərəcədə doğrudur? Ümumiyyətlə “servis haqqı”nın alınmasında restoranların başlıca məqsədi nədir?

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Redaktor.az-a danışdı.

Ekspert söylədi ki, sahibkar öz məhsul və xidmətinə istədiyi qiyməti təyin edə bilər:

“Bazar iqtisadiyyatının əsas qaydalarından biri də qanuna uyğun şəkildə, standartlara uyğun şəkildə məhsulu istehsal edib, istədiyi qiyməti təyin edə bilər. Burada dövlətdən və yaxud da hardansa icazə almasına ehtiyac yoxdur. Tutaq ki, kababı bir yerdə 7 manata verirlər və bir yerdə 15 manata verirlər. Çətinlik ondan ibarətdir ki, birincisi, əgər bu cür əlavə haqlar olacaqsa, müştəri əvvəlcədən məlumatlandırılmalıdır, müştəriyə əvvəlcədən deyilməlidir ki, burada “servis haqqı” var. Müştəri menyuya baxanda artıq məlumatlı olsun ki, burada “servis haqqı” var. Deyirlər ki, aldığınız xidmətin dəyərinin 5%-i qədər əlavə haqqı ödəyəcəksiniz, siz bununla razısınızsa, alışı həyata keçirirsiz. Artıq burda qeyri qanuni heç bir şey yoxdur. Yox, əgər məlumat verilmirsə, fakt şəklində qarşınıza qoyulursa, burda sizin hüquqlarınız pozulub və imtina etmək haqqınız var. Söhbət burda məlumatlı olmaqdan gedir. Yəni siz məlumatlısınızsa və yenə də bu şirkətin xidmətlərindən istifadə etməyə qərar verirsinizsə, burada heç bir problem yoxdur".

X.Kərimli onu da qeyd etdi ki, restoranlarda insanların hüquqları təkcə elə bu “servis haqqı” ilə və yaxud da qəfil “servis haqqı” ilə pozulmur:

"Restoranlarda menyularda problem var. Sizə təqdim ediləcək məhsulun çəkisi, miqdarı, tərkibi haqda məlumat verilmir. Yazılır 1 şiş kabab, amma bilmirsən 3 tikədir, ya 4 tikədir. Bu məsələlərə diqqətli yanaşmaq lazımdır”.

Humay İSGƏNDƏRLİ

2