Azad edilmiş ərazilərimizdə 5 mərkəzi xəstəxana tikilir - AÇIQLAMA

 15:46 18.08.2023     752

İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən tibb müəssisələri ilə bərabər hazırda tikintisi davam edən xəstəxanalar da var.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Redaktor.az-ın sorğusuna cavab olaraq bildirildi ki, azad edilmiş ərazilərimizdə 5 mərkəzi xəstəxana tikilir.

Hazırda 90 çarpayılıq Şuşa şəhər xəstəxanasının binasında tikinti işləri aparılır. Şuşa şəhər xəstəxanasının təməli 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Stasionar xidmət sahəsində qəbul, terapiya, pediatriya, cərrahiyyə, doğuş, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya–reanimasiya, hemodializ şöbələri fəaliyyət göstərəcək. Ambulator xidmət sahəsində isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, həmçinin klinik diaqnostik laboratoriya yaradılacaq. Xəstəxananın Təcili Tibbi Yardım Stansiyası müasir standartlara cavab verən və böyük vəsait tələb edən tibbi avadanlıqlar – 1.5 TL maqnit-rezonans tomoqrafiya və 32 kəsikli kompüter tomoqrafiya aparatları ilə təchiz olunacaq. Stansiyada hər növbədə dörd briqada fəaliyyət göstərəcək.

Tikilməkdə olan Zəngilan Rayon Mərkəzi Xəstəxanasının ümumi ərazisi 4,5 hektardır. 91 çarpayılıq xəstəxananın ərazisində yoluxucu xəstəliklər şöbəsi və bir sıra texniki təyinatlı binalar olacaq. Ən müasir tibbi avadanlıqla təchiz ediləcək xəstəxanada müayinə və müalicə işinin aparılması üçün hər cür şərait yaradılacaq. Beləliklə, doğma yurdlarına qayıdacaq rayon sakinləri bu səhiyyə ocağının istifadəyə verilməsi ilə hərtərəfli tibbi xidmətlə əhatə olunacaqlar.

Qubadlı şəhərində 91 çarpayılıq Mərkəzi Xəstəxana binası 4,5 hektardan çox ərazidə inşa olunacaq. Bu tibb müəssisəsi inzibati binadan, stasionar və ambulator xidmət hissələrindən ibarət olacaq. Stasionar xidmət hissəsində qəbul, terapiya, cərrahiyyə, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ şöbələri fəaliyyət göstərəcək. Xəstəxananın ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından ibarət olacaq.
Müalicə ocağı ən müasir tələblərə cavab verən tibbi avadanlıq, o cümlədən kompüter tomoqrafiya, maqnit-rezonans tomoqrafiya, angioqrafiya və digər cihazlarla təchiz ediləcək.

180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasında ambulator xidmət bölmələrinin yaradılması nəzərdə tutulub. Stasionar xidmət bölməsindəki qəbul mərkəzində 40 çarpayılıq terapiya, o cümlədən kardiologiya və nevrologiya şöbələri fəaliyyət göstərəcək. Xəstəxanada, həmçinin cərrahiyyə, travmatologiya-ortopediya, LOR, əməliyyat bloku, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya və hemodializ şöbələri yaradılacaq. Ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından və aptekdən ibarət olacaq.

210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanası 6 hektardan çox ərazidə inşa olunur.  Bu tibb müəssisəsində qəbul, terapiya, kardiologiya, cərrahiyyə, travmatologiya-ortopediya, ürək-damar cərrahiyyəsi, oftalmologiya, LOR, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ şöbələri və əməliyyat bloku fəaliyyət göstərəcək. Xəstəxananın ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından və aptekdən ibarət olacaq.Müalicə ocağı ən müasir tibbi avadanlıqla, həmçinin Regional Kardiocərrahiyyə Mərkəzi xidmətini təmin etmək üçün angioqrafiya cihazı ilə təchiz olunacaq. Binanın zirzəmi hissəsindən isə stasionar tibbi xidmət və sığınacaq kimi istifadə ediləcək, ehtiyac yaranarsa, dərhal hərbi hospital kimi fəaliyyət göstərəcək.

Humay İSGƏNDƏRLİ