Ekspert Bakıdakı tıxacın səbəbini təhsil sistemi ilə BAĞLADI

 18:19 15.09.2023     606

Hər il olduğu kimi, bu il də Bilik Günündə gündəmi zəbt edən əsas məsələlərdən biri də yollardakı tıxacdır. Tıxacları azaltmaq üçün müəyyən tədbirlərin görüldüyü deyilsə də, bunu müşahidə etmirik.

Bu gün də tıxaclar səbəbindən işə gecikən yüzlərlə vətəndaşlar var idi. Hətta tıxacda qalan avtomobillərin içərisindəki məktəbliləri görəndə elə əsas tıxac səbəbi ortaya çıxmış olur. Yəni bəzi valideynlər övladlarını yaxın qaldıqları ərazidə yox, daha uzaq məsafədə olan məktəblərə aparırlar. Bu zaman da ictimai nəqliyyatdan yox, şəxsi avtomobildən istifadə edirlər. Nəticə etibarıyla yolda qalıb tıxacdan şikayət edən valideynlər, elə tıxacın yaranmasına imza atanlardır.

Bəs çarəni necə tapaq? Tıxac probleminin aradan qalxması üçün məktəbli avtobusları köməyimizə çata bilərmi?

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Redaktor.az-a danışdı.

Ekspert dedi ki, məktəbli avtobuslarının yaradılması bir çıxış yolu ola bilər:

"Bu prosesə müəyyən bir təsiri ola bilər. Digər tərəfdən uşaqların məktəblərdən kənar yerlərdə yaşaması, yəni uzaq bir məsafəni qət etməsi bu problemi daha qabarıq şəkildə ortaya çıxarır. Məsələyə real yanaşsaq, bunun obyektiv və subyektiv səbəbləri var. Əsas səbəb odur ki, bu gün təhsil sistemi ilə bağlı yanaşmalar fərqlidir. İnsanlar daha yaxşı təhsil verən məktəblər axtarırlar və belə olan halda da, sözsüz ki, müəyyən çətinliklər, problemlər yaşanır. Daha yaxşı məktəb həmin valideynin evinin yanında yoxdur, o da digər ərazilərə baş vurmaq məcburiyyətində qalır. Belə olanda artıq düşünürəm ki, bu təhsilin keyfiyyəti bir kənara, insanların yolda zaman itirməsi daha çox önə çıxır. Yəni zamanımız yolda gedir. Bunun həlli ilə bağlı müəyyən layihələr olub və təşəbbüslər bu gün də var, müəyyən bir mexanizmlər üzərində də düşünülür. Ancaq məntiqi yanaşanda görürük ki, bir məktəbə müəyyən ərazilərdən şagird gəlirsə, bir məktəbli avtobusu onların daşınması üçün nə qədər vaxt sərf etməlidir və bu nə qədər effektiv ola bilər? Digər məsələ insanların ictimai nəqliyyata olan inamının itməsidir, bir inamsızlıq var və bu gün bu proses daha sürətli gedir. İnsanlar artıq öyrəşiblər ki, avtobus işləmir, avtobus yoxdur və bu da heç yaxşı göstərici, yaxşı bir nəticə deyil. Bunun hansısa yaxşı tərəflərinin olacağını da gözləmirik. Bu gün biz görürük ki, məsələn, ictimai nəqliyyat müəyyən qədər işə salınıb, bəzi yenilikləri biz görürük. Amma insanlar yenə də taksi, şəxsi avtomobil və s. bunlara üstünlük verirlər, bu baxımdan yollarda tıxac hiss olunur. Biz dönüb avtobuslara baxanda bəzi istiqamətlər üzrə avtobuslar boş getdiyi halda, yollarda da maşınların əlindən tərpənmək olmur".

E.Muradlı qeyd etdi ki, ictimai nəqliyyata olan bu yanaşmanın necə dəyişdirilməsi maraqlıdır:

"Necə dəyişək? İnsanlara nə deyə bilərik ki, şəxsi avtomobillərə yox, ictimai nəqliyyata üstünlük versinlər? Bax, bizim əsas problemlərimiz bunlardan ibarətdir. Həlli ilə bağlı da mən düşünürəm ki, çox ciddi layihələr işləmək lazımdır. İnsanları ictimai nəqliyyata qaytara bilərikmi? Bax, bu sual bizi düşündürməlidir və hesab edirəm ki, bununla bağlı hansısa bir həll yolları tapıla bilər. Yəni o qədər də qəliz bir məsələ deyil və düşünürəm ki, təbliğat aparmaq lazımdır. İnsanları inandırmaq lazımdır ki, o avtobus artıq var, metroda gedib sıxlığa düşməyəcək. Bunlar təmin olunmalıdır və təhsil müəssisələrində artıq islahatlar başlayıb, aparılır. Yalnız yaxınlıqda yaşayan valideynlərin övladları həmin məktəblərə qəbul olunur. Düzdür, təəssüf ki, neqativ hallar barədə də eşidirik, yenə də nəzərə alırlar, kənardan uşaqlar gətiriləndə qəbul edirlər və bu da yaxşı göstərici deyil. Ümumiyyətlə, bu prosesə son qoymaq lazımdır, illər sonra, bəlkə də tam olaraq nəticəsini görə biləcəyik", - deyə həmsöhbətimiz bildirdi.

Humay İSGƏNDƏRLİ