"Ata üçün ödənişli məzuniyyət verilə bilər" - Komitə sədrinin müavini

 14:35 09.10.2023     268

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Milli Məclisin plenar iclasında çıxış edən deputat Hicran Hüseynova bildirdi ki, ödənişli atalıq məzuniyyətinin verilməsini təmin etmək lazımdır.

"Ödənişsiz olaraq atalıq məzuniyyətin verilməsi müsbət qarşılanmır. Ödənişsiz məzuniyyət ailə üçün əlavə maliyyə yaradır. Amma araşdırmalar göstərir ki, atalıq məzuniyyətinin verilməsi ailəyə müsbət təsir edir. Ona görə də ödənişli atalıq məzuniyyətinin verilməsini təmin etmək lazımdır”,-deyə o, qeyd edib.

Maraqlıdır, ödənişli atalıq məzuniyyəti mümkün ola bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, deputat Məlahət İbrahimqızı dedi ki, bu, ədalətli təklifdir:

"Əgər ana elə bir məsul dövlət işində işləyir ki, dünyaya uşaq gətirdikdən sonra, işə çıxmaq məcburiyhətindədir, onda ata üçün ödənişli məzuniyyət verilə bilər. Bu hal yeni deyil. Avropa ölkələrində çoxdan tətbiq edirlər".

Qeyd edək ki, BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Ləğv Edilməsi üzrə Komitəsi 14 günlük ödənişli atalıq məzuniyyətinin qanunvericiliyə daxil edilməsinin sürətləndirilməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tövsiyə verib. 

Humay İSGƏNDƏRLİ