"Vətəndaş avtobusa minib tıxacda qalırsa, niyə avtobusa minsin ki?"

 18:00 11.10.2023     536

Bakı-Sumqayıt yolu üzrə hər iki istiqamətdə avtobus zolağı çəkilib. Məqsəd magistral yolda pik saatlarda sıxlıq zamanı vətəndaşların rahat mənzil başına çatmasını təmin etməkdir.

Avtobus zolağının çəkilməsi ictimai nəqliyyatın maneəsiz hərəkət etməsinə hesablansa da bəzi sürücülər buna problem yaradırlar. Avtobuslar üçün çəkilmiş zolağa daxil olmağa çalışırlar.

Bəs görəsən, yeni çəkilən bu zolaq saatlarla tıxacda vaxt itirən sərnişinlərin yolunu asanlaşdıracaqmı?

Məsələ ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev bildirdi ki,  ictimai nəqliyyata keçməsək, hər kəs fərdi nəqliyyat vasitəsi alsa, biz nə qədər yolları genişləndirsək, yenə xeyri olmayacaq.

Onun sözlərinə görə, bir nəqliyyat vasitəsi çox yer tutur: 

"Bir var 40 adam bir avtobusla gedə, bir də var, 40 avtomobil gedə. Ona görə də bu avtobus zolaqları çəkilməlidir və onun tıxaca səbəb olmaması üçün kameralar quraşdırılmalıdır ki, o zolaq tamamən boş qalsın. Belə islahatlarla ictimai nəqliyyat daha da effektiv çalışmağa başlayacaq. Yəni vətəndaş avtobusa minib tıxacda qalırsa, niyə avtobusa minsin ki?

Taksiyə minməlidir və yaxud da imkanı varsa, avtomobil almalıdır. Belə halların qarşısını almaq üçün vətəndaşa biz gərək ictimai nəqliyyatı optimallaşdıraq. İndi bəzi sürücülər səbirsizlik edirlər, hansı ki, onlar heç vaxt ictimai nəqliyyatdan istifadə eləmirlər. Bu onların fikirləridir ki, bu daha da tıxaclara səbəb olacaq. Orda 10 zolaq olmasın, 9 olsun, 6 olmasın, 5 olsun. Yəni bir zolaq tıxaca səbəb olmayacaq. Amma bir zolaqdan altı zolağın üç qatı sərnişin daşınacaq. Statistika belədir. Bu mənada ictimai nəqliyyat üçün avtobus zolaqlarının təşkil edilməsi və onların tıxaca düşmədən xidmət göstərməsi, ictimai nəqliyyatın işini optimallaşdıracaq və buna meyli, insanların müraciətini daha da çoxaldacaq".

Həmidə İBRAHİMLİ