İnsanlar kiçik problem səbəbindən ailələri dağıdır - Sosioloq çıxış yollarını söylədi

 15:38 12.10.2023     347

Xəbər verdiyimiz kimi, Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-avqust aylarında 33 836 nikah və 14 544 boşanma halları qeydə alınıb.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,0-dan 5,0-a düşüb, boşanmaların sayı isə 1,5-dən 2,2-yə qədər artıb.

Boşanmaların sayının ildən-ilə artmasının səbəbləri nədir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan sosioloq Aynur Hacıyeva bildirdi ki, son zamanlarda natamam ailələrin sayı artmaqda davam edir.

Onun sözlərinə görə, bu göstərici kifayət qədər ciddi məsələdir  və ailələrdə problemlərin davamlı olaraq artmasını göstərir:

"Boşanmaların sayının artmasına bir neçə faktor təsir göstərə bilər. Bura daxildir zəif iqtisadi durum, məişət zorakılığı, ailələrə kənar müdaxilələrin təsiri  və s. İqtisadi durumun aşağı olması təbii ki, ailələrin həyat fəaliyyətinə mənfi təsir göstərir və ailələrdə gərginliklərin, münaqişələrin artmasına və nəticədə boşanmalara səbəb olur. Eyni zamanda kənar müdaxilələr də ailələrin boşanmasına gətirib çıxarır. Təəssüflər olsun bu boşanmalarda daha cox zərər çəkən tərəf qadınlar və uşaqlar olur.

Demək ki, ailələrdə boşanmaların artmasının qarşısını almaq üçün xidmət və dəstək proqramlarının genişləndirilməsi və hər kəs üçün əlçatan olmasını təmin etmək artıq vacib şərtlərdən biridir".

Sosioloq onu da qeyd etdi ki, ən önəmlisi ailə təməli elə qurulmalıdır ki, daha sonra kənar müdaxilələr və digər faktorlar ailənin parçalanmasına gətirib çıxarmasın:

"İnsanlar ailə quran zaman daha çox problemlərlə mübarizə aparır və gənclər bu dönəmdə mövcud problemlərlə o qədər yüklənir ki, gələcək üçün ailə təməlinin və münasibətlərin nizamlanması ilə bağlı heç bir planlama etmirlər. Nəticədə çox yorulan ailə fərdləri kiçik bir problem üzündən böyük bir münaqişə ilə boşanmaya doğru gedə bilir. Düşünürəm ki, ailə həyatına qədəm qoymadan gənc cütlüklər və xüsusi ilə qeyd etmək istəyirəm digər ailə fərdləri kimki ailə təməli qoyulandan sonra eyni evde yaşayacaq insanlarla psixoloji və marifləndirilmə proqramları olmalıdır. Ümumiyyətlə, artıq maariflənmə işləri ümumi cəmiyyətlə aparılması vacibdirki gənclərin, xüsusi ilə evlənmədən öncə gərəksiz problemlələrlə yüklənmələrinin qarşısı alınsın".

Həmidə İBRAHİMLİ