Avtobus intervallarının çox olması tıxaclar ucbatından baş vermirmiş - ekspert əsas səbəbləri AÇIQLADI

 17:47 12.10.2023     490

Vətəndaşların rahat mənzil başına çatmasını təmin etmək məqsədi ilə daha çox problem yaşanan Bakı-Sumqayıt yolu üzrə hər iki istiqamətdə avtobus zolağı çəkilib. 

Avtobus zolağının çəkilməsi ictimai nəqliyyatın maneəsiz hərəkət etməsinə hesablansa da bəzi sürücülər buna problem yaradırlar.

Onu da qeyd edək ki, həmin zolağa daxil olanlara 40 manat cərimə tətbiq olunur. Cəriməyə belə baxmayaraq sürücülər avtobuslar üçün çəkilmiş zolağa daxil olmağa çalışırlar. Yenə də gündəmə problemin həll olunması məsələsi gəlir. 

Məsələ ilə bağlı Redaktor.az-a danışan nəqliyya eksperti Eldəniz Cəfərov qeyd etdi ki, əvvəla, avtobus zolağının çəkilməsi tıxacların qarşısını almaq məqsədi daşımır.

Onun sözlərinə görə, avtobus zolağı ona görə çəkilir ki, həmin yol ilə ictimai nəqliyyatın avtobus seqmenti rahatlıqla, maneəsiz hərəkət edə bilsin, bir nöqtədən digər nöqtəyə sərnişinləri çatdırsın:

"Sadəcə avtobus zolaqları elə yollarda çəkilməlidir ki, digər yol hərəkəti iştirakçılarının hərəkətinə maneə yaratmasın. Yəni biz avtobus zolaqları çəkirik ki, avtobuslar maneəsiz hərəkət etsin. Amma minlərlə insan saatlarla tıxaclarda qalmalı olurlar. Bu insanların arasında əlilliyi olan insanlar var, hansılar ki, ictimai nəqliyyatdan istifadə edə bilmirlər. Onlar taksi ilə və yaxud da ki, fərdi avtomobillə hərəkət edə bilirlər. Körpə uşaqlar, hamilə qadınlar, yaşlı, xəstə insanlar var. Bunlar da nəzərə alınmalıdır. Yəni bu, ictimai nəqliyyatın problemini avtobus zolağına atmaqdır.

Biz deyirik ki, hə avtobus zolağını çəkdik, indi avtobus zolağına əgər maşınlar girməsə, avtobuslar maneəsiz hərəkət etsə, deməli, biz artıq ictimai nəqliyyatın problemini həll etmiş oluruq. Bu da düzgün yanaşma deyil. Əvvəla, avtobus zolağını çəkməkdən əlavə marşrutda avtobuslar da olmalıdır. Heç kimə sirr deyil ki, bu gün marşruta buraxılan avtobusların sayı olduqca azdır. Buna görə də intervallar çox uzanır. Vətəndaşlar dayanacaqlarda 40-45 dəqiqə gözləməli olur.

Avtobusların intervallarının çox olmasının səbəbi tıxaclar deyil. Qismən tıxaclar ola bilər. Tıxac olmayan yollar da çoxdur. Həftənin bazar günləri ümumiyyətlə, tıxac olmur. Amma onda da biz ictimai nəqliyyatda avtobus tapmırıq. Çünki marşruta buraxılan avtobusların sayı azdır. Müvafiq qurumlar özəl daşıyıcılar qarşısında bu məsələni, tələbi illərdir qoyurlar ki, marşruta buraxılan avtobusların sayı artırılsın, keyfiyyətli xidmət göstərsin, amma özəl daşıyıcılar yenə də öz bildiyini edirlər".

Ekspert onu da qeyd etdi ki, bu gün ictimai nəqliyyat əlçatan deyil:

"Bunu hamımız bilirik. Bakı kartına balans artırmaq problemdir. Bunun üçün vətəndaş metroya enməlidir. Daha sonra növbəti problemlərdən biri ondan ibarətdir ki, biz əgər avtobusla hərəkət etmək istəyiriksə, o zaman avtobusun hər hansı bir marşrutun nə zaman dayandığımız dayanacağa gələcəyini də bilmirik. İntervalları da bilə bilmirik. Çünki hazırda marşrutda olan avtobusların intervalını, hərəkət cədvəlini göstərən informasiya mənbəyi qapanıb. Əvvəl "Alo 141" xidməti və bir də sayt işləyirdi. 

O sayt indi də mövcud olmasına baxmayaraq nədənsə müvafiq qurumlar onu blok ediblər və sərnişin, vətəndaş rahatlıqla daxil olub baxa bilmir ki, onun gözlədiyi avtobus dayanacağa neçə dəqiqədən sonra gələcək. Və yaxud da ki, həmin marşrutda neçə avtobus var. Yəni bu qeyri-şəffaflığın əlamətidir. Düşünürəm bunların hamısı aradan qaldırılmalıdır. Avtobus zolağını çəkməklə biz ictimai nəqliyyatda, keyfiyyətli və təhlükəsiz daşınmaya nail olmayacağıq. Bu kompleks həll edilməlidir".

Həmidə İBRAHİMLİ