"Orta aylıq əməkhaqqı 12 dəfə artıb" - Nazir

 12:27 13.10.2023     369

“Ötən 20 ildə dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərclərində 20 dəfədən çox artım baş verib. Minimum əməkhaqqı 38 dəfə artırılaraq 345 manata, orta aylıq əməkhaqqı 12 dəfə artaraq 925,3 manata çatıb”. 

Redaktor.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə “Heydər Əliyev -100: Müasir Azərbaycan - sosial rifah və sosial ədalət dövləti” mövzusunda keçirilən elmi-praktik konfransda bildirib.

Nazirin sözlərinə görə, ümumilikdə ötən 20 ildə minimum pensiya 14 dəfə artaraq 280, orta aylıq pensiya 18 dəfə artaraq 435, yaşa görə orta aylıq pensiya 19 dəfə artaraq 466, əlilliyə görə orta aylıq pensiya 14 dəfə artaraq 366, ailə başçısını itirməyə görə orta aylıq pensiya isə 19 dəfə artaraq 408 manata çatıb. 

Sahil Babayev qeyd edib ki, pensiya üzrə ödənilən illik vəsaitlərin məbləği 30 dəfədən çox artaraq 5 milyard 907 milyon manata çatıb: 

“Təkcə son bir ildə pensiyalar üzrə ödənişlərə ayrılan illik vəsaitdə 1 milyard manata yaxın, son beş ildə isə 2,4 milyard manat (70 %) artım olub. Digər tərəfdən, 2003-cü ildə orta aylıq pensiya məbləği pensiyaçılar üçün yaşayış minimumundan 2 dəfə aşağı olduğu halda, hazırda bu məbləğ 435 manat olmaqla pensiyaçılar üçün yaşayış minimumunu (199 manat) 2,2 dəfə üstələyir”.