Bu toyuqları vaxtından tez kəsib xırda ölçüdə kənd toyuğu adı altında satırlar - Qida mütəxəssisi AÇIQLADI

 15:51 16.10.2023     547

"Toyuq zülal tərkibli və tez asan həzm olduğu üçün, eyni zamanda əlçatan olduğu üçün bir çoxlarının sevimli qidası hesab olunur. Lakin onun vaxtından əvvəl kəsilməsi və yaxud da hansı vaxtda kəsilməsi, bütün toyuqlara standart aid olunmur, çünki onlar növünə görə dəyişə bilər".

Bunu Redaktor.az-a broyler toyuqların zərərləri haqqında danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova dedi.

O, bildirdi ki, təbii toyuqdan, yəni kənd toyuğundan danışırıqsa, bildiyimiz qədər onlar gec inkişaf edir və demək olar ki, bir çox hallarda 6-7 ayda artıq yeyilə biləcək hala gəlir və daha faydalı hesab olunur:

"Xüsusilə də təbii şəkildə qidalandığı üçün, yemini özü axtardığı üçün skeleti daha güclü inkişaf edir. Əti az, sümüyü daha bərk oluğu üçün gənclərimizin sevmədiyi bir qidaya çevrilir. Lakin tərkibin zənginliyinə görə bu daha faydalıdır. Bəzən də insanları aldatmaq üçün broyler və yaxud da ümumi inkubator şəklində saxlanılan toyuqları vaxtından tez kəsib xırda ölçüdə kənd toyuğu adı altında satırlar ki, bu da yolverilməzdir. Broyler toyuqları 42 günə artıq iki kiloqrama yaxın olurlar. Bu toyuqlara xəstəlikdən qorunmaq üçün hər birinə vurulan peyvəndlər, dərmanlar və eyni zamanda tez böyüməsi üçün hormonlu dərmanlar vurulur. Birmənalı şəkildə belə toyuqlarla kənd toyuğu arasında çox böyük fərq var və bu toyuqlar tərkibinin zənginliyinə deyil, doyumluluğuna görə, kalori miqdarına görə təbii ki, digərlərindən seçilir. Ancaq keyfiyyətinə görə təbii şəkildə yetişən kənd toyuğu daha faydalıdır. Digər bir məqam isə, bu gün satışda bizim qarşımıza müxtəlif növ toyuqlar çıxır və birinci növbədə biz onun mənşəyi bəlli olan, hardan gətirildiyi, harda saxlanıldığı və hansı növbəti vaxtda hansı şəraitdə saxlanılması göstərilən toyuqlardan almalıyıq".

Mütəxəssis vurğuladı ki, uzun müddət açıq hava şəraitində saxlanılan, kənd toyuğu adı altında satılan və mənşəyi bəlli olmayan toyuqları qətiyyən istifadə etmək olmaz.

"Çünki zülal tərkibli olduğu üçün və riskli qidalardan hesab olunduğu üçün mənşəyi bəlli olmayan toyuq məhsulları insan orqanizmində güclü zəhərlənməyə, hətta ölümə qədər də gətirib çıxara bilər. Digər bir məqam isə toyuq əgər broyler toyuğudursa və yaxud keyfiyyəti kənd toyuğundan fərqlənən süni şəkildə yetişdirilən toyuqlardırsa, bu zaman onun qaynadılıb suyunun atılması və növbəti dəfə yeni su ilə hazırlanıb bişirilməsi daha uyğundur. Çünki tərkibindəki hormonların, antibiotiklərin və dərmanların 10 dəfəyə qədər azalmasına kömək edir ki, bunlara da mütləq şəkildə diqqət etmək lazımdır. Nəinki toyuq məhsulu, digər qida məhsullarını alarkən birinci növbədə aldığımız yerə və həmin məhsulun orada saxlanma şəraitinin düzgün olub-olmadığına diqqət etməyimiz sağlamlığımız üçün çox faydalıdır", - deyə Məhsəti Hüseynova bildirdi.

Humay İSGƏNDƏRLİ