"Onlar dövlətin sosial müdafiəyə yönəlik siyasətini əslində boykot edirlər, bu, yolverilməzdir" - Eyyub Hüseynov

 17:48 20.10.2023     1013

Marketlərlə bağlı problemlər azalmaqdan günü-gündən artır.

İstehlakçılar aldıqları bəzi məhsulların çekə vurulmamasından şikayət edirlər. Onlar bəzən un məmulatlarının, bəzən də mətbəx əşyalarının kompüterə vurulmadığını bildirirlər. 

Məsələ ilə bağlı Redaktor.az-a danışan Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bildirdi ki, bu cür marketlər birmənalı şəkildə istehlakçıların hüquqlarını pozur:

"Onlar dövlətin, istehlakçıların, sosial müdafiəsinə yönəlmiş siyasətini əslində boykot edir və bu, yolverilməzdir. Bütün mallara, yəni müəyyən dövriyyəsindən asılı olaraq bəzi satıcılar, tutaq ki, avtomobil, yanacaqdoldurma məntəqələri və sair istisna olmaqla, bu cür dükanlar mütləq camaata ƏDV çəki verməlidirlər. İnsanlar oradan yararlanmalıdır. Əks halda bu, istehlakçı hüquqlarının pozulmasıdır. Belə hal olanda istehlakçılara "195" qaynar telefon xətti ilə İqtisadiyyat Nazirliyinə məlumat vermələrini tövsiyə edirəm",- deyə Eyyub Hüseynov qeyd etdi. 

Həmidə İBRAHİMLİ