"Gələn il nəzərdə tutulan artım vətəndaşın öz cibində qalacaq" - Deputat

 17:52 18.10.2023     735

"2024-cü ilin büdcə proqnozları Maliyyə Nazirliyi tərəfindən artıq açıqlanıb. Biz 2024-cü ilin dövlət büdcəsinin proqnozlarına baxarkən görürük ki, növbəti ildə, yəni 2024-cü ildə də əmək haqlarının, pensiyaların artımı üçün vəsait nəzərdə tutulub".

Bu sözləri Redaktor.az-a Milli Məclisin deputatı Aydın Hüseynov növbəti il pensiyaların və maaşların artıb-artmayacağından danışarkən deyib.

Onun sözlərinə görə, bu artımda əsasən illik inflyasiya nəzərə alınır və digər həddə də artım proqnozlaşdırılıb:

"Bəzən əmək haqları artarkən təbiidir ki, qiymətlərdə artımlar müşahidə edirik. Ancaq bildiyiniz kimi, daxili bazarda qiymətlərinin tənzimlənməsi üçün dövlət müvafiq addımları atır və dövlət ehtiyatlarının yaradılması istiqamətində bir çox işlər görülüb, qanun qəbul olunub. Yeni ildə bu qanun da qüvvəyə minəcək. Strateji məhsulların bazarda kəskin qiymətinin artırılmasının qarşısını alacaq dövlət fondları yaradılıb. Digər tərəfdən qeyd etdiyimiz kimi, süni qiymət artımına dövlət tərəfindən daim yaxşı mənada, yəni əhalinin və vətəndaşların marağı çərçivəsində müdaxilə olunur. Ona görə də gələn il nəzərdə tutulan artım vətəndaşın öz cibində qalacaq. Yəni inflyasiya və yaxud da digər amillər bu vəsaitin məsrəf olunmasına gətirib çıxartmayacaq".

Həmidə İBRAHİMLİ