40 qəpiyə yarıyola kimi, 1 manata da metroya - 50 nömrəli marşrutun bitib-tükənməyən problemləri

 17:07 19.10.2023     835

İctimai nəqliyyatda baş verən problemlər günü-gündən artmaqda davam edir. Daha bir problem 50 nömrəli avtobusla bağlıdır. Əvvəllər 3 dəqiqqədən bir dayanacaqlara gələn avtobus avqust ayından kart sisteminə keçdikdən sonra, intervalların arasındakı məsafə artıb. Belə ki,ən tez 10 dəqiqəyə avtobus dayanacağa gəlir. Yağış yağdımı 20-25 dəqiqəyə kimi interval arta bilir. Təbii olaraq da, avtobuslar dolu olur. İnsanlar sığışmır dayanacaqlarda saxlamır. Bu səbəbdən də insanlar işə, məktəbə gecikirlər.

50 nömrəli marşrutun digər problemi avtobusların yararsız vəziyyətdə olmasıdır. Sözügedən avtobus xəttində hər gün ən az 1 avtobus yolda xarab olur. Sərnişinlər digər avtobuslara yerləşdirilir. İşə gecikən insanlar zaman itirməmək üçün məcbur 1 manatlıq yol taksilərinə müraciət etməli olur. Bu da əlavə xərc deməkdir. Yəni bu hallarla qarşılaşan insanlar 40 qəpiyə yarıyola kimi gəlir, 1 manat da əlavə xərc çəkərək özlərini metroya çatdırmalı olurlar. Təbii olaraq insanlar haqlı olaraq narazılıqlarını bildirirlər. Bəzən istifadəyə yararsız avtobusların arxa qapıları açılmır. Ön qapıları da sərnişinlərin əl ilə açdıqları məqamlarla da qarşılaşmaq olur.

Məsələ ilə bağlı Redaktor.az Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucovla əlaqə saxladı.

Qurum rəsmisi bildirdi ki, 50 nömrəli marşrut Yeni Günəşli qəsəbəsini Qara Qarayev prospekti ilə əlaqələndirir.

Onun sözlərinə görə, marşrut üzrə 11 ədəd avtobus 6-7 dəqiqə intervalla fəaliyyət göstərir:

"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən aparılan monitorinqlər zamanı müəyyən edilib ki, daşıyıcı tərəfindən xəttə təlabata uyğun avtobus çıxışı təmin edilməyib. Bununla əlaqədar marşrutun istismarçısına xəbərdarlıq olunub, sərnişin tələbatına uyğun marşrut üzrə avtobusların istismarının həyata keçirilməsi, marşrutun nizamlı fəaliyyətin təmin edilməsi, avtobusların yenilənməsi və ya əsaslı təmiri ilə bağlı tapşırıq verilib". 

Tural Orucov bildirib ki, daşıyıcı şirkətlər qarşısında sərnişindaşıma tələblərinə cavab verməyən o cümlədən köhnə, istismara yararsız avtobusların yeniləri ilə əvəzlənməsi ilə bağlı konkret tapşırıqlar qoyulub: 

"Xəbərdarlıqlara riayət etməyən daşıyıcıların istismarında olan marşrutlar müsabiqəyə çıxarılır. Bakı və Abşeron rayonu üzrə son 2 ay ərzində 10 marşrut müsabiqəyə çıxarılıb. Proses davam etdirilir.

Xəbərdarlıqlara riayət edən daşıyıcılar da var. Belə ki, sərnişindaşınma imkanlarının artırılması üçün daşıma göstəricisi aşağı olan marşrutlara avtobuslar əlavə olunur. Son bir ay ərzində 74 marşrut xəttinə əlavə avtobuslar buraxılıb.

Qeyd edək ki, avtobuslar sahibkarlara məxsusdur. Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə şəhərlərarası və şəhərdaxili marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır".

Həmidə İBRAHİMLİ