Bakıda mənzillər ucuzlaşacaq? - Ekspertdən AÇIQLAMA

 17:42 19.10.2023     710

Bildiyimiz kimi, bir neçə müddətdir ki, işğaldan azad edilmiş bölgələrimizə artıq əhalinin köçü baş tutur. Yaxın bir neçə ilə bu köç sayının artacağı bildirilir.

Nəzərə alsaq ki, uzun müddətdir Azərbaycanın ayrı-ayrı şəhər və rayonlarında yaşayan məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdır, onların mənzilləri yenidən satışa çıxarıla bilər və ya rayonlarda yeni evlər inşa edilir, bu tədricən mənzil tələbatına təsirsiz ötüşməyəcək.

Xüsusilə də Bakıda mənzillərin bahalığını nəzərə alsaq, gələcəkdə bu sektorda ucuzlaşma gözləniləndirmi? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan əmlak ekspert Nüsrət İbrahimov dedi ki, köçün mənzil bazarına təsiri inandırıcı deyil:

"Çünki bazarda təkcə tələb-təklif qiyməti tənzimlənmir. Digər tərəfədən isə qiymət bu gün yeni tikililərlə formalaşır. Yeni tikilinin bir kvadratının maya dəyəri neçəyə başa gəlirsə, tikinti şirkəti onun da üzərinə öz qiymətini qoyub bazarda satır. Köhnə tikililəri satanlar əsasən yeni tikilmiş mənzil almaq istəyənlərdir. Yeni tikili bahalaşdıqca, köhnə tikilisi olanlar qiyməti qaldırırlar. Köçkünlər üçün tikilən binaların bazara çıxarılma müdddəti isə genişdir deyə, hissə-hissə bazara çıxarılacaq. 150-200 bina çıxarılacaqsa, onlar da MİDA kimi müəyyən şərtlərlə satılacaq. Yəni tənzimlənmə ilə satılacaq ki, bazar onları "həzm" edə bilsin".

Hazırda mənzil bazarındakı vəziyyətlə bağlı danışan ekspert söylədi ki, hazırda vəziyyət stabildir:

"Qiymətlər aylar üzrə stabilləşib. Keçən ay üzrə təkrar mənzil bazarında 3 faiz ətrafında qiymətlər azalıb, amma il ərzində qiymətlər hələ də yüksəkdir. Hesab edirəm ki, bu il bazarda ötən iki ilə nisbətən tənzimlənmə qiymətlərin stabilləşməsi ilə olacaq. Hazırda bina evlərinə tələbat daha çoxdur".

Humay İSGƏNDƏRLİ