"Başqa banklar da bağlana bilər" - Fazil Mustafa

 17:52 20.10.2023     598

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl "Muğan Bank"ın fəaliyyəti dayandırıldı. Bundan bir müddət əvvəl isə "Günay Bank"ın fəaliyyəti dayandırılmışdı. Artıq bu hal əhalini və əmanətçiləri narahat edir. 

Bankların bağlanmasına gətirib çıxaran səbəb nədir? Bundan sonra da hər hansı bankın bağlanmasına şahidlik edəcəyikmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa dedi ki, öz öhdəliklərini yerinə yetirə bilməyən, maliyyə resurslarını doğru tənzimləməyən banklara qarşı Mərkəzi Bank tərəfindən belə addımların atılması qanuna uyğundur:

"Belə halların motivləri məhkəmə qaydasında dəqiq araşdırıla bilər. Əgər qanunsuz bağlanırsa, məhkəməyə müraciət edə bilərlər. Amma bu yaxşı tendensiya deyil. Bankların açılması, bankların fəaliyyəti ilə bağlı məncə, daha doğru tənzimlənmə olmalıdır ki, sonradan bu cür vəziyyət yarananda əziyyətini əmanətçilər çəkir. Bu məsələlər ciddi araşdırılmalıdır. İndiki vəziyyətdə qanunvericilik imkan verir ki, bu bankların fəaliyyətində ciddi nöqsanlar varsa, onların bağlanması təmin olunsun. Araşdırma nəticəsində nöqsanlar ortaya çıxarsa, başqa banklar da bağlana bilər".

Humay İSGƏNDƏRLİ