"Mən bu nöqteyi nəzərdən demişəm, heç kim inciməsin" - Deputat qadınlarla bağlı təklifindən DANIŞDI

 14:29 26.10.2023     359

Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisin komitə iclasında deputat Rauf Əliyev qadınların həftəsonu işləməmsini təklif edib.

"Avropada qadınlar 5-ci gün evə daha tez gedir. Buna səbəb kimi qadınların övladları ilə daha çox vaxt keçirməsi, onların tərbiyəsi ilə məşğul olması göstərilir. Təklif edirəm ki, bizdə də şənbə-bazar qadınlar işləməsin”, - deyə millət vəkili vurğulayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə deputatın bu fikirlərini alqışlayanlar olsa da, top atəşinə tutanlar da az olmadı. Elə qadınlar arasında da millətin vəkilinin təklifinə etiraz edənlər az deyildi. R.Əliyevin təklifinə "yox" deyən qadın və kişilər bunu gender bərabərliyinin pozulması kimi əsaslandırırlar.

Təklifinin birmənalı qarşılanmaması ilə bağlı Redaktor.az-a danışan millət vəkili Rauf Əliyev dedi ki, bu fikirləri səsləndirib və burada heç bir etiraz ola bilməz.

"Nəyə görə demişəm? Mən bunu o fikirlə demişəm ki, bunun analoqları var, həm keçmiş SSRİ ölkələrində, həm Avropa ölkələrində. Məqsəd ondan ibarətdir ki, valideynlər daha da çox öz ailəsi ilə, uşaqları ilə olsun. Əsas məqsəd budur. Bu gün Azərbaycan təhsilində proqramlar elə yüklənib ki, xüsusən ibtibadi siniflər bütün gün dərs oxuyur. Valideyn səhər 9-da gedir, axşam 6-da gəlir, sonra da övladına dərs oxutmalıdır. Mən bu nöqteyi nəzərdən demişəm, heç kim inciməsin. Gender bərabərliyi hüququ var, heç kim o hüquqları pozmur ki, sən işləməyəcəksən, sən işləyəcəksən. Belə bir vəziyyət yarana bilər ki, buna ictimaiyyət də baxsın, qəbul etsin. Məqsəd qadınların ailələri, uşaqları ilə vaxt keçirməsidi. Burada heç bir etiraz ola bilməz. Kişilər də etiraz edir, etiraz olunası məsələ yoxdur. Qadınların işinin yüngülləşdirilməsi üçün bir təklifdir. Artıq fikir yoxdur", - deyə deputat yekunlaşdırdı.

Humay İSGƏNDƏRLİ