Sosial müavinətlərin alınması mexanizmi ASANLAŞDIRILDI - İqtisadçı AÇIQLADI

 16:55 01.11.2023     583

Azərbaycan hökuməti gələn ildən ünvanlı sosial yardımın hesablanması üçün istifadə olunan ehtiyac meyarının həcmini 246 manatdan 270 manata çatdırmağı nəzərdə tutur. Eyni zamanda bəzi yumşaldılmalar da olacaq. Bu məsələlər 2024-cü ilin dövlət büdcəsi sənədinə daxil edilib.

Maraqlıdır, yumşaldılmalar nəyi ehtiva edəcək? Sosial yardımın artırılması kimlərə şamil olunacaq və yeni kateqoriyalar yaradıla bilərmi?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Eyyub Kərimli Redaktor.az-a danışaraq bildirdi ki, müavinətlər indi daha əlçatan olacaq:

"Bu baxımdan həm də Nazirlər Kabineti tərəfindən müəyyən sosial müavinətin əldə edilməsi üçün elektronlaşma sistemində yumşaldılma həyata keçirildi və bu da onu deməyə əsas verir ki, bu, daha əlçatan olacaq. Bu ilin altı ayında sosial müavinət 72000 ailəyə və ya 350000 insana şamil olunub. Bu gün minimum yaşayış həddi məbləği artırıldı və bu da sosial müavinətlərin təyin edilməsində kriteriyə dəyişməsinə səbəb olur. Bu daha çox insanın sosial müavinətin əldə edilməsinə dəstək olacaq, yardım edəcək. Yeni kateqoriyalar da yaradıla bilər.

Ümumiyyətlə, bu il büdcədə sosial xərclərin 10 faiz artımı nəzərdə tutulurdu və bu istiqamətdə sözsüz ki, həm də sosial həssas qrupları üzrə müəyyən kateqoriyaların tətbiq edilməsi müsbət hal olardı. Kateqoriyalarla bağlı sosial müdafiə nazirliyi yəqin ki, müəyyən təxminlər aparacaq. Bu gün hesab edirəm ki, sosial müavinət alan insanların əhatəsi daha da genişləcək. Yumşaldılma isə sənədləşmə ilə bağlı olacaq, elektronlaşma artıq tətbiq edilibdir. Yəni hər bir insan qurumlardan hansısa arayış almaq üçün vaxt itirməyəcək. Elektronportal vasitəsilə bütün arayışlar yığılacaq və təyinedici qurum özü hərşeyi sorğu vasitəsilə əldə edəcək. Bu da həm xidmətin keyfiyyətini artıracaq, həm də ora müraciət edəndə vaxt itkisinin qarşısını alacaq, digər tərəfdən daha da şəffaflığı təmin edəcək".

Humay İSGƏNDƏRLİ