"Başqa yeni sosial müavinətlər də təsis edilib, vəsaitlər ödəniləcək" - Deputatdan MÜHÜM AÇIQLAMA

 17:30 01.11.2023     537

"2024-cü il dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, Azərbaycanın gələn il sosial müdafiə və sosial təminat xərcləri 4 milyard 542 milyon manat olacaq".

Bunu sosial müavinətlərin artırılması ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

Deputat qeyd etdi ki, yuxarıda qeyd olunan rəqəmlərdə 2023-cü illə müqayisədə 5,2 faiz artım var:

"Eləcə də Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi 6 milyard 919,9 milyon manat proqnozlaşdırılıb ki, bu da 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,4 % və ya 690 milyon manat çoxdur. Bu isə o deməkdir ki, sosial təminatla bağlı xərclərin məbləği təxminən 700 milyon manat artırılacaq ki, bu da bir çox sosial sahələrdə əlavə artımların maliyyə təminatı üçün əsas mənbə olacaqdır. Pensiya, təqaüd və müavinətlərin, ünvanlı sosial yardımların, digər sosial xarakterli ödənişlərin 10 faiz artacağı gözlənilir".

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda həyata keçirilən sosial siyasətin mərkəzində vətəndaşların sosial rifahının yaxşılaşdırılması, laqiyli və keyfiyyətli həyat şəraitinin təmin edilməsi dayanır:

"Son 4 ildə qəbul olunaraq icra edilən sosial paketlər çərçivəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsini təmin edən mühüm sosial artımlar baş verib. Minimum əməkhaqqı son 4 ildə 4 dəfə artırlaraq 130 manatdan 345 manata qaldırılıb. Bu artımlar yüz minlərlə insanın maaşlarının artımına səbəb olub. Eləcə də yaşayış minimumunun və ehtiyac meyarının həddi də artırılıb, gələn il bu rəqəm 270 manata çatdırılacaq. Həmçinin, bu illər ərzində əməkhaqlarının, əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğləri artırılıb.

Bu sosial siyasətə əsasən, növbəti ildə də pensiya və təqaüdlərin, ünvanlı sosial yardımların və s. sosial müavinətlərin artırılması nəzərdə tutulur. 2024-cü ildə “Sosial müavinətlər haqqında” qanuna edilən dəyişikliyə əsasən, bir sıra müavinətlər təsis edilməklə onların da maliyyələşməsi təmin ediləcək. Belə ki, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə aylıq, himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün birdəfəlik müavinətlər təsis edilib ki, bu müavinətlər üçün də vəsaitlər ödəniləcək. Həmin müavinətlərin məbləği 80-120 manat arasında dəyişir".

Humay İSGƏNDƏRLİ