"Əgər alimenti ödəmirsə, iqtisadi zorakılıq qismində ona cərimələr qoyula bilər" - Mehriban Zeynalova

 12:03 03.11.2023     404

Xəbər verdiyimiz kimi, 2024-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum miqdarı 235 manat olacaq. Bundan əvvəl isə bu miqdar 220 manat idi.

Alimentin ödənilməsi ilə bağlı ciddi problemlərin yaşandığı bir dövrdə məbləğin artırılması bir çoxlarını narahat etməyə başlayıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova dedi ki, alimentin miqdarının qalxması minimum əməkhaqqının qalxması ilə bağlıdır:

"Bu tələblərə uyğundur, yaşayış minimumuna uyğunlaşır. Aliment qadına verilmir axı, uşağa verilir. Bugünkü gündə uşaqların ehtiyacını yaxşı bilirik, həmin məbləğ heç kifayət qədər də deyil. Lakin məsələnin digər tərəfi var ki, o alimenti verən şəxslərin özünün aliment alan tərəfə, uşağına yox, aliment ödənilən anaya və yaxud ataya qarşı göstərdiyi müəyyən təpkilər var və zorakılıq faktları var.

Ödəməmək kimi halları ortaya qoyurlar, yayınmağa çalışırlar və bunlar problemdir. Bu problemlər paralel artımla bağlı da həll olunmalıdır. Yəni əgər şəxs ödəmirsə, iqtisadi zorakılıq qismində onu cərimələr və yaxud qarşısında hansısa tələblər qoymaq olar. Uşaq əgər hər ikisinindirsə, müxtəlif səbəbdən bir yerdə yaşamırlarsa, belə uşağına baxmağa borcludur. Hesab edirəm ki, verilən aliment uşağın ehtiyaclarını ödəməlidir və bu ödənilmə vaxtı vaxtında öz həllini tapmalıdır. Digər məsələlər hüquqi prosedurlardır və alimentin artması ilə bərabər və həmin şəxslər də bu davranış qaydalarına tabe olmağı öyrənməlidirlər".

Humay İSGƏNDƏRLİ