“Medinex” sərgisinin rəsmi açılış mərasimi keçirildi

 15:03 02.11.2023     250

Bu gün Bakı Ekspo Mərkəzində regionun tibb sahəsindəki mühüm və nüfuzlu tədbiri olan “Medinex” və “Beauty Azerbaijan” sərgilərinin rəsmi açılış mərasimi keçirilib.

Redaktor.az xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikası Səhiyyə naziri Teymur Musayev, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov, KOBİA İdarə Heyəti sədrinin müavini Hikmət Məmmədov və “Caspian Event Organisers” şirkətinin Baş direktoru Fərid Məmmədov iştirak edib.

Ənənəvi lent kəsildikdən sonra açılış mərasiminin iştirakçıları və qonaqlar VIP turda iştirak ediblər.

Bu il noyabrın 2-dən 4-dək Bakı Ekspo Mərkəzində 3-cü Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” sərgisi keçiriləcək. Bu tədbir çərçivəsində, gözəllik sektoruna aid şirkətlərin iştirakı "Beauty Azerbaijan" adı altında təşkil olunacaq.

“Medinex” sərgisi yeniden sənaye mütəxəssislərinə və sahibkarlara işgüzar əlaqələri inkişaf etdirmək və yeni əlaqələr qurmaq, aktual məlumatlar mübadiləsi aparmaq və sərfəli müqavilələr bağlamaq imkanı yaradan səmərəli müstəvi rolunu oynayacaqdır.