"Erkən ailə quran qızlarımız da cinsi zorakılığa məruz qalırlar" - Psixoloq
Azərbaycanda cinsi zorakılığa məruz qalan uşaqların məhkəmədə dindirilməməsi təklif olunur.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Uşaqların məhkəmədə dindirilməsi doğru haldırmı?
Mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Aydan Nəzərova bildirdi ki, cinsi zorakılığa məruz qalma hazırkı dövr üçün çox geniş bir mövzu və müzakirə obyektidir.
Psixoloqun fikrincə, əslində erkən evlilik edən qızlarımız da cinsi zorakılığa məruz qalırlar:
"Niyə bunu düşünürəm? Ümumiyyətlə, erkən ailə quran qızlarımız hələ ailənin nə olduğunu tam dərk etmirlər. Ailə xanımı necə olmalıdır? Ana necə olunmalıdır? Hələ onların bu haqda tam təsəvvürləri yoxdur. Yəni onların təhsil alma yaşlarıdır, o yaşda onlar gələcəyini qurmalıdırlar. Halbuki evləndirilirlər. Bu, doğru bir hal deyil. Bu, bir psixoloq olaraq mənim qənaətimcə həmin qızlarımızın cinsi zorakılığa məruz qalmasıdır.
Digər tərəfdən də bəli, cinsi zorakılığa məruz qalanlarımızın sayı həddindən çoxdur. Onların dindirilməməsi səbəbini bir psixoloq olaraq belə dəyərləndirirəm ki, həmin anda yaşadığı stress, gərginliyin, həyəcanı yenidən onların düşüncəsində canlanmaması üçün, travma yaşamaması, ona qayıtmaması üçün təklif olunur. Çünki çox böyük bir travmadır, çox böyük bir stressdir. Həmin cinsi zorakılığa məruz qalanların həyatında bir çox dəyişikliklər baş verir. Kimisi depressiyaya düşür, kimisi özünə qapanır, kimisinin yatmış psixiatrik narahatçılıqları oyanır ortaya çıxır. Yəni hərəsində bir şəkildə cinsi zorakılığın fəsadları özünü göstərir. Əksəriyyəti ondan sonra bunun üstəsindən gəlmək üçün psixoloji yardım alırlar".
Psixoloqun sözlərinə görə, hər kəs öz qorxusunun üzərinə getməlidir ki, o qorxunu aşsın:
"Amma həmin şəxslər o stress, gərginliyin öhdəsindən gəlmək üçün üzərlərində işlənməlidir. Yəni sabah başqa bir stress yaşadıqları təqdirdə belə yatmış travmalar oyana bilər. Amma o travmanı aşmaq üçün onlara yardım etmək lazımdır. Yəni biz artıq güclüyük, biz həyata davam edə bilərik və s. hiss etsinlər.
Onlar yenidən ailə qurmaq istəmirlər. Onlar üçün təcavüz ölümcül faktor kimidir. “Biz kiminlə ailə qursaq bizə yenə elə davranarlar” kimi düşüncələri olduğu üçün onlar ailə qurmaqdan da çəkinirlər. Və yenə də mən öz sözümün üzərinə gəlirəm ki, onlar o stressi, o travmanı aşmalıdırlar ki, həyatlarına davam edə bilsinlər".
Həmidə İBRAHİMLİ