"O deputatın ölkədəki vəziyyətdən xəbəri yoxdur" - Hüquqşünas
"Sosial işçilər, hüquqşünaslar, ailə inkişafı ilə bağlı bu sahədə uşaqların hüquqlarının müdafiəsi sahəsində çalışan mütəxəssislər tərəfindən uzun illərdir israrla bildirilir ki, ölkədə mütləq aliment fondu yaradılmalıdır".
Bunu aliment fondunun yaradılması haqqında Redaktor.az-a danışan hüquqşünas Əsabəli Mustafayev deyib.
O bildirib ki, bu cür fond bir çox ölkələrdə var:
"Parlamentdə bunun əleyhinə çıxan deputat olub. Mən hesab edirəm ki, o deputatın ölkədəki vəziyyətdən xəbəri yoxdur. Bu sahədə yəqin ki, məlumatsızdır, bu problemə praktikada heç rast gəlməyib və ona görə belə münasibət bildirir. Biz isə ailələrlə işləyirik, insanlar şikayət edirlər ki, bəs məhkəmə qərarı var, aliment ödənilmir. İcraçılarla əlaqə saxlayırıq, bildirirlər ki, həmin adam ya həbsdədir ya maaşı, qazancı yoxdur ödəyə bilmir. Ya da bəziləri xaricdədir, məsələn Rusiyaya, Türkiyəyə gediblər yerləri məlum deyil, ancaq aliment borcu yığılır. Baxmayaraq ki, məhkəmə qərarı var ki, aliment ödənilməlidir, amma o şəxsin axtarıb tapılmasında icraçılar çox böyük həvəs göstərmirlər, Çünki əziyyətli işdir. Gərək axtarış verəsən, beynəlxalq axtarış qurumlarına müraciət edəsən ki, o adam tapılsın.
Digər məsələ isə aliment ödəməli olan şəxsin hazırda tutaq ki, qazancı yoxdur, müvəqqəti olaraq işləmir, bu müvəqqəti bir neçə ay çəkə bilər. Bu halda isə o ailənin, o uşağın vəziyyətini düşünmək lazımdır. O uşağın əsas təminatının böyük bir hissəsi həmin alimentdən gəlir. Aliment yoxdursa, ana - çox vaxt tənha böyüdür və məcburdur ki, hardasa işləsin. Lakin onun qazancı hər ikisinə, ya uşağın sayı çox ola bilər, hamıya kifayət etmir. Biz də belə xanımlarla, ailələrlə tez-tez rastlaşırıq. Xahiş edirlər ki, kömək edin, məhkəmə qərarı icra olunsun, ya əlavə təminat olsun. Heydər Əliyev Fonduna və digər fondlara müraciət edirik ki, bu ailəni pis vəziyyətdən çıxaraq. Uşaqlar ölkəmizin gələcəyidir, dövlət də bunu bilməlidir. Bu gün o pis vəziyyətə düşmüş, təminatsız qalmış, alimentə görə təhsil ala bilməyən, səhhətini bərpa edə bilməyən uşaqların yükünü dövlət götürməlidir. Bu, bütün dünyada, inkişaf etmiş ölkələrdə belədir ki, dövlət o yükün bir hissəsini boynuna götürür və təmin edir. Ona görə də aliment fondu yaradılır. Bu fond həmin uşağa kəsilmiş alimenti ödənilməsini öz üzərinə götürür".
Ə.Mustafayev vurğuladı ki, bu alimentin "batmağı" demək deyil:
"Ödənilməmiş alimentin alınması hüququ həmin fonda keçir. Artıq o fond həmin insana qarşı, borcluya qarşı tədbirlər görür ki, hüquq mühafizə orqanları vasitəsilə, icraçılar vasitəsilə o pul təzədən fondun büdcəsinə qayıtsın. Yəni o pul heç kimə bağışlanmır, itmir, batmır. Sadəcə, dövlət bugünkü gündə o uşağa dəstək olur. Çünki uşağa dəstək olmayanda başq şeylərin şahidi oluruq. Kriminal meylli uşaqların bir çoxu məhz imkansız ailələrdə böyümüş uşaqlardır. Kriminologiya elmi bunu çox yaxşı sübut edir, biz də praktikada görürük. Təxminən iki il bundan qabaq ombudsman öz hesabatında, o cümlədən rəsmi təklif vermişdi ki, aliment fondu yaradılsın. Bu, ilk növbədə ombudsmanın təklifi idi və biz də bunu alqışlayırdıq ki, kimsə bu məsələylə maraqlandı. Ona görə də mən bir vətəndaş olaraq, hüquqşünas olaraq hesab edirəm ki, aliment fondu mütləq yaradılmalıdır. Yaranmalıdır ki, o uşaqlar, o ailə məhv olmasın".
Humay İSGƏNDƏRLİ