"Qaz istehsal edən ölkə olduğumuz üçün insanlara müəyyən güzəştlər etmək olar" - Vahid Əhmədov

 17:46 07.11.2023     614

Xəbər verdiyimiz kimi, maliyyə naziri Samir Şərifov Milli Məclisdə çıxışı zamanı bildirdi ki, bizdə qazın qiyməti prinsipcə o qədər də yüksək deyil.

"Sosial həssas əhali üçün müəyyən limit qoyulub. Həmin limit çərçivəsində qazın qiyməti daha ucuzdur, limitdən yuxarı hissəsi isə daha bahadır. Bu məsələ sadə məsələ deyil, ona görə bunu açıq etiraf etməliyik”,- deyə nazir qeyd edib.

Bəs Azərbaycanda həqiqətən də qazın qiyməti yüksək deyil? Ölkədə limit yetərlidirmi? Rayonlar üzrə limit dəyişə bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov dedi ki, kommunal xidmətlərlə əlaqədar məsələlərə baxmağa ehtiyac var:

"Çünki  inflyasiya 2023-cü ildə hardasa 9.4%, 2024-cü ildə isə 5.3% götürülür.  Amma buna baxmayaraq qiymətlərdə müəyyən artımlar var. Bu artımlar nəzərə alınır. Biz qaz istehsal edən ölkəyik, kifayət qədər xaricə qaz ixrac edirik. Ona görə də qazın qiymətində müəyyən qədər bu normalara baxmağa ehtiyac var. Düzdür, dünya bazarında qazın qiyməti çox bahadır, amma biz də xarici ölkələrə qaz ixrac edirik.  Maliyyə nazirinin dediyində də həqiqət var. Çünki qazın qiymətini dünyayla müqayisə edəndə bizdə kifayət qədər fərq var. Yəni kifayət qədər deyəndə çox ucuz olmasa da, müəyyən fərqlər var. Amma qaz istehsal edən ölkə olduğumuz üçün burada insanlara müəyyən güzəştlər etmək olar.

Rayonlarda, ümumiyyətlə havalar kəskin dərəcədə soyuq keçir, həmin rayonlarda qazın limitində ciddi dəyişiklik etmək lazımdır. Çünki orada qaza tələbat kifayət qədər yüksəkdir. Bakıdakı tələbatla eyni deyil, Bakıda mülayim hava şəraiti olur. Amma dağ rayonları var, məsələn, Quba, Xaçmaz, İsmayıllı, Qəbələ, Lerik tərəflərdə hava çox soyuq keçir və qar da çox şiddətli olur, buna görə də güzəştlərə ehtiyac var. Eyni zamanda elə bölgələr var ki, burada insanların aldığı maaş və ya pensiya ümumiyyətlə çox yüksək səviyyədə olmur. Yəni bunlar hamısı analiz olunmalıdır və differensial şəkildə bu məsələ öz həllini tapa bilər".

Deputat vurğuladı ki, qış mövsümündə insanların yanacaqla təminatı planı çox ciddi məsələdir:

"Elə ucqar kəndlər var ki, orada ümumiyyətlə qaz yoxdur. İnsanlar odunla evi qızdırırlar. Odun üçün isə ağac kəsməlidirlər, kəsəndə də müəyyən qədər cərimələr yazırlar. Yəni bunun hökumət səviyyəsində qaydaya qoymaq lazımdır. Qazı verə bilmirsənsə, digər yanacaqla təmin etməlisən ki, onun problemi olmasın. Yoxsa bu cür olanda kim istədi meşəni qırır-tökür.  Düzdür, son illər çox ciddi ağacəkmə aksiyası həyata keçirilir.  Yadımdadır 70-ci illərdə rəhmətlik Həsən Əliyevin ən böyük xidməti o idi ki, gedib meşələrdə, dağlarda ağac əkdirirdi. Ona görə də bu məsələ ciddi məsələdir. Yəni əgər sən ora qaz verə bilmirsənsə, hələlik həmin əraizini digər yanacaqla təmin etməlisən".

Humay İSGƏNDƏRLİ