"Bu barədə tam məşğul olacaq bir qurum hələ görməmişəm" - Psixoloq ETİRAZ ETDİ

 16:32 21.11.2023     699

Milli Məclisin deputatı Musa Quliyev deyib ki, ordudan təxris olunan hərbçilər, döyüşçülər, qazilər üçün ixtisaslaşmış reabilitasiya mərkəzlərinin yaradılmasına ehtiyac var.

O bildirib ki, bu tip mərkəzlərin yaradılması həmin şəxslərin həm psixoloji, həm də tibbi bərpası üçün addım atmış olunardı: “Odur ki, hökumətdən bu məsələni diqqət mərkəzində saxlanılmasını xahiş edirəm. Bundan başqa, idman sağlamlıq mərkəzlərində gənclərin bu infrastrukdan istifadəsi üçün müəyyən güzəştlər də edilməlidir”.

Bəs, bu istiqamətdə aparılan işlər nə yerdədir, hərbçilər üçün reabilitasiya mərkəzləri varmı?

Redaktor.az məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əlaqə saxladı.

Qurumun ictimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov bildirdi ki, postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə reabilitasiya xidmətlərinin göstərilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əsas prioritet istiqamətlərindən birinə çevrilib:

"Agentlik tərəfindən Vətən Müharibəsi iştirakçıları, müharibə iştirakçılarının ailə üzvləri və şəhid ailəsi üzvləri reabilitasiya və sosial-psixoloji xidmətlərlə, eləcə də reabilitasiya vasitələri ilə təmin edilib. Həmin proses bu günədək davam etdirilir.

Vətən Müharibəsi zamanı zərər çəkmiş şəxslərə Reabilitasiya Mərkəzlərinin psixoloq, loqoped, əmək terapiyası üzrə təlimatçıları tərəfindən seanslar keçirilir. Reabilitasiya müəssisələrində 3067 şəxsə sosial-psixoloji xidmətlər göstərilib.

Xüsusi ilə qeyd etmək istərdik ki, Vətən müharibəsindən sonra Agentliyin nəzdində Bakı Reabilitasiya Mərkəzi bütövlükdə hərbi qulluqçuların reabilitasiyası, o cümlədən protezləşmədən əvvəl və sonra reabilitasiya tədbirlərinin həyata keçirilməsi üzrə ixtisaslaşmış müəssisə kimi fəaliyyətini davam etdirir.

Ümumilikdə, 44 günlük Vətən müharibəsindən sonra müharibə ilə əlaqədar əlilliyi olan 2044 şəxsə 46,9 min reabilitasiya vasitəsi verilib".

Məsələ ilə bağlı danışan psixoloq-loqoped Könül Əhmədova bildirdi ki, bu məsələlərlə tam məşğul olacaq bir qurum hələ görməyib :

"Hazırda Füzuli rayon Mərkəzi Xəstəxanasında işləyirəm. Orada şəhid ailələri və qaziləri qəbul edirəm. Təbii ki, ehtiyac var. Əsasən də Füzuli bölgəsində, Ağdam, Tərtər, Beyləqan tərəflərdə ehtiyac var. Çünki biz ən çox Beyləqan rayonu tərəfdə şəhid vermişik. Yəni o insanların psixologiyasında əməlli başlı travmalar var, amma mən yəni bu barədə tam məşğul olacaq bir qurum hələ görməmişəm ki, sırf buna həsr olunub".

Həmidə İBRAHİMLİ