“Azərbaycanda doğum səviyyəsinin azalması hərbi xidmətə də təsir göstərəcək” - AÇIQLAMA

 18:01 17.11.2023     965

Milli Məclisin deputatı Zahid Oruc ailələrin 3-cü uşaq siyasətini stimullaşdıran yeni dövlət proqramına ehtiyacın olduğunu bildirib.

Deputatın sözlərinə görə, bu günlərdə bir xarici ekspertin “Ermənistanda doğum səviyyəsi artır, Azərbaycanda azalır” sərlövhəli müsahibəsi geniş rezonans doğurub:

“Əlbəttə, demoqrafiya məsələsinin siyasiləşdirildiyi bəllidir, ona görə əhali artımını da qələbə amili sayması ölkəmizə qətiyyən irad tutula bilməz. Lakin son 100 illik tarixdə ilk dəfə Azərbaycanda doğum əmsalı azalmağa meyillənib. Ermənistan isə əksinə, son 3 ildə  hər qadına düşən doğum əmsalı parametrinə görə digər ölkələri tarixində ilk dəfə qabaqlayıb.  Azərbaycanda 20 il əvvəl-2002-ci ildə ən az doğum səviyyəsi olub, cəmi 100.000 uşaq. Ermənistanda daha az, cəmi- 32.000 min, yəni 3-ün birə nisbəti olub. Xatırladaq ki, 1950-ci ildə fərq iki dəfə idi. Ekspertlərin fikrincə, Ermənistanda körpə bumu analıq kapitalının məbləğinin artması ilə əlaqəli olub. 3-cü uşaq üçün 2,5 min dollar, dördüncü və sonrakı uşaq üçün 4.000 min dollar ödənilir. 

Ona görə də Ermənistanın  demoqrafik artımı dövlətin demokratik iqtisadi inkişaf siyasəti ilə bağlaması və Azərbaycanda əhali sayının azalarsa, onlar  səbəbindən “Qarabağda tam məskunlaşa bilməyəcəklər” kimi əslində özlərinin yaşadıqları sindromu və məğlubiyyətin səbəblərindən birini ölkəmiz üçün təbliğ etmələrinə yol verməməliyik. Qələbə tarixini yazan ölkəmizdə əhalinin demoqrafik dinamikasının düzgün statistik bazasının yaradılması vacibdir”.

Onun sözlərinə görə, Qarabağa və azad torpaqlara qayıdan, orada daimi yaşayan ailələrin 3-cü uşaq siyasətini stimullaşdıran yeni dövlət proqramına ehtiyac duyulur. 

Maraqlıdır, həqiqətən belə bir proqrama ehtiyac varmı?

Məsələ ilə bağlı Redaktor.az-a danışan sosioloq Üzeyir Şəfiyevin sözlərinə görə, statistikanı təhlil edəndə görərik ki, Azərbaycan əhalisində təbii artım son bir neçə il ərzində enmə dinamikası ilə müşahidə olunur.

Onun sözlərinə görə, Azərbaycanda sosial xidmətlə bağlı dövlət proqramında son 22 il ərzində ölkə əhalisinin 26,44 faiz artması öz əksini tapıb:

"Amma ahılların sayı bu illər ərzində  99,4 faiz artıb. Bu o deməkdir ki, ahılların sayı artır, gənclərin, uşaqların sayı isə artmır. Azərbaycanda 2021-ci ildə təbii artım təxminən 35 860 nəfər olub. Bu, çox az rəqəmdir. Baxmayaraq ki, 2022-ci ildə təbii artım 62 000 olub. Bu rəqəmlər də biraz şübhəlidir. Ona görə ki, 2021-ci ildə təbii artım 35 860, 2022-ci ildə 62 min qeydə alınıb. Amma 2023-cü ilin son beş ayı ərzində statistika göstərir ki, 53 mindən bir qədər yuxarı doğum müşahidə olub ki, 30 mindən yuxarı ölüm qeydə alınıb. Yəni  2023-cü ilin son 5 ayı ərzində təbii artım 17,5 faiz aşağı düşüb.

Statistikaya baxsaq görərik ki, Azərbaycanda çoxuşaqlı ailələrin sayı azalıb. Hətta 2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi məlumata görə, 2500 qadına dörd və ondan yuxarı uşağa görə sosial müavinət verilib. Həmin 2500 qadın tərəfindən 10 000 uşaq dünyaya gəlib. Eyni zamanda, 2019-cu ildə əhalinin siyahıya alınması göstərib ki, Azərbaycanda təqribən 16 min çoxuşaqlı ailə var. Yəni illərə baxanda çoxuşaqlı ailələrin sayı azalıb. Artıq indi Azərbaycan ailələri vəziyyətlə əlaqədar olaraq daha çox bir uşağa üstünlük verirlər. Ən yaxşı halda 2-3 uşaq. Azərbaycan ailəsində planlaşma bu şəkildə gedir. Hətta deyərdim ki, bu təbii artımın aşağı düşməsində təkcə çoxuşaqlı ailələrin sayının azalması yox, həm də boşanmaların sayının çoxalması da təsir göstərir.

Yəni, Azərbaycanda nikaha nisbətən boşanmaların dinamikasında da artım müşahidə olunur. Boşanmalar artdıqca bu, təbii artıma da təsir göstərir. Azərbaycanda təbii artım dinamikasında ləngimədən çıxış edərək deyə bilərik ki, bəli, demoqrafik siyasətin stimullaşdırılmasına ehtiyac var. Çünki, əgər bu demoqrafik siyasət stimullaşdırılmasa, ailə planlaşmasında artım müşahidə olunmazsa, 10 ildə, yəni orta perspektivdə əmək bazarında və digər sahələrdə özünün mənfi tendensiyalarını göstərəcək, o cümlədən hərbi xidmət sahəsində də. Çox yaxşı olar ki, bəli, təbii artımı stimullaşdıran sosial dəstək layihələri tətbiq olunsun və gənc ailələrə sosial dəstək layihələri artırılsın. Gənc ailələrin mənzil, məişət şəraitinə və məşğulluq məsələlərinə diqqət artırılsın. Eləcə də uşaq pulları ilə bağlı çox yaxşı olar ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da tətbiq olunsun. Baxmayaraq ki, 2006-cı ilə qədər bu var idi. 2006-cı ildən sonra ləğv olunub. Bunu ünvanlı sosial yardımlarla əvəz etdilər".

Sosioloqun fikrincə, həm ünvanlı sosial yardımlar verilməlidir, həm də "uşaq pulu" verilməlidir:

"Eyni zamanda, yeni doğulan uşağa görə sosial müavinət də, hesab edirəm ki, bir qədər də artırılmalıdır və hətta stimullaşdırıcı rəqəm özünü göstərməlidir. Stimullaşdırıcı artım müşahidə olunmalıdır ki, ailə planlamasına, demoqrafik artıma təsir göstərə bilsin. Paralel olaraq işğaldan azad olunan rayonlarda əhalinin məskunlaşması və orada demoqrafik mənzərəni, bir qədər də dinamikanı təmin etmək məqsədilə gənc ailələr və yeni doğulanlarla bağlı əlavə sosial dəstək tədbirlərinə ehtiyac var. Çox yaxşı olar ki, bu, nəzərə alınsın.

Bölgələrdən, regionlardan Bakıya kütləvi axın var. Hansı ki, orada məşğulluğu əsas gətirirlər,  mənəvi ehtiyaclarını ödəyə bilmirlər və  gənclər paytaxta axın edirlər. Hesab edirəm ki, bunun da qarşısını almaq üçün ölkə başçısı tərəfindən təsdiqlənən regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramımız var. Çox yaxşı olardı ki, bölgələrdə gənclərin məşğulluq məsələlərinə diqqət yetirilsin ki, mənəvi həyat orada da dirçəlsin.

Eyni zamanda, gənclərin mənəvi ehtiyaclarını təmin etmək üçün mədəniyyət klubları, müasir çağırışlara cavab verən kitabxanalar olsun. Teatr truppalarının rayonlara gedişini təmin etmək lazımdır. Mədəniyyət xadimlərinin rayonlara gedişini təmin etmək lazımdır. Rayon mədəniyyət evlərini aktivləşdirmək lazımdır. Təkcə məşğulluq məsələsi deyil ki, həm də gənclər paytaxta mənəvi ehtiyacları üçün gəlirlər. Çox yaxşı olar ki, şəhərlə kənd arasında fərqləri bir qədər də azaldaq, infrastrukturu genişləndirək və gənclərin peşələrinə uyğun olan iş sahələri açılsın. Rayon, bölgə gənclərini elə ixtisaslara, elə peşələrə istiqamətləndirmək lazımdır ki, onlar qayıdandan sonra orada işləyə bilsinlər, iş tapa bilsinlər. Çox maraqlı bir təşəbbüs olardı ki, məsələn əvvəl təyinat sistemi var idi. Ali təhsil qurtardıqdan sonra bölgələrdə işləyirdilər. Bu, bərpa olsa daha yaxşı olardı".

Sosioloq təbii artımı stimullaşdırmaqla bağlı Zahid Orucun təklifinə qoşularaq bildirdi ki, əlavə sosial dəstək layihələrinə həqiqətən də ehtiyac var:

"Gənc ailələrin dəstəklənməsi üçün, ailə planlaşmasında çoxuşaqlı ailələri stimullaşdırmaq üçün sosial müavinətlərin artırılması və uşaqpullarının tətbiqinə ehtiyac var. Bir sıra ölkələrdə, misal üçün baxırsınız ki, birinci uşağa görə, yaşayış minimumu, məsələn, beş misli qədər, bəzi ölkələrdə yeddi misli qədər belə stimullaşdırıcı sosial müavinətlər verilir. Qardaş Türkiyəyə baxsaq, görərik ki, uşaq doğulandan bankda artıq onun adına hesab açılır və az miqdarda da olsa ora pul köçürür".

Həmidə İBRAHİMLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusunda dərc olunub.