İmkansız ailələrin uşaqları məktəblərdə pulsuz qidayla təmin oluna bilər? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün deputat İltizam Yusifov Milli Məclisdə çıxışı zamanı imkansız ailələrin uşaqlarının məktəbdə dövlət tərəfindən pulsuz qidayla təmin oluna biləcəyini bildirmişdi:
"Uşaqların qidalanması üçün 4.1 faiz vəsait ayrılıb. Bir müddət əvvəl uşaqların dönərdən zəhərlənməsi geniş müzakirə olundu. Biz imkansız ailələrin uşaqlarının qidalanması istiqamətində addımlar ata bilərik, onları dövlət pulsuz qidayla təmin edə bilər”,- deyə deputat vurğulamışdı.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Aqil Məmmədov dedi ki, dövlət imtiyazlı ailələr üçün xeyli güzəştli şərait yaradıb:
"Vətəndaşlarımız bundan istifadə edirlər. Məsələn, şəhid ailələri, məcburi köçkün ailələri dövlət məktəblərində ödənişdən azaddırlar. Eyni zamanda, yüksək bal toplayan və yaxud da göstəriciləri yaxşı olan tələbələrə dövlət təqaüdün verilməsi məsələləri də təşkil olunub. Yəni bu istiqamətdə doğrudan da uğurlu addımlar atılır. Ümumiyyətlə, Azərbaycan dövləti sosial yönümlü dövlətdir. Azərbaycan Dövlətinin siyasətinin əsasında Azərbaycan vətəndaşının rifahı, onun durumunun yaxşılaşdırılması dayanır. Bu baxımdan həm xüsusi imtiyaza malik olan ailələrimizin, həm aztəminatlı ailələrimizin gələcəkdə ali məktəblərdə oxuması üçün mərhələli şəkildə planlar qurulur. Amma müəyyən səsləndirilmiş fikirlər var, hər bir şəxsin öz fikrini səsləndirmə imkanı var. Amma pulsuz qidayla təminat mövcud vəziyyətdə hələ tətbiq olunmur. Nəzərdə tutulmuş dövlət qayğısı mərhələli şəkildə özünü göstərəcək".
Humay İSGƏNDƏRLİ