"Vətəndaş buna reaksiya verdiyi zaman sürücü də xoş olmayan sözlər deyir"
Ölkə vətəndaşlarını narahat edən məsələlərdən biri də avtobus sürücülərinin sükan arxasında siqret çəkməsi, qida qəbul etməsi və ya telefonla danışmasıdır. Sadalanan hallarla bağlı qanunda müəyyən cəzalar mövcud olsa da, bunu "vecinə" almayan yetərli sayda sürücü var.
Amma bu halın yaşanmasında bəzən sərnişinlərin də rolu az deyil. Niyə? Çünki sürücünü sükan arxasında siqaret çəkərkən və yemək yeyərkən görüb, "Qaynar xətt"ə zəng etmir, səbəbini "camaatın çörəyinə bais olmaq istəmirik" fikri ilə əsaslandırırlar. Nəticədə sürücülərin bu cür laqeydlikləri bir çox hallarda yol qəzalarına gətirib çıxarır.
Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev dedi ki, bununla bağlı son vaxtlar geniş müzakirələr gedir və bu hala hər birimiz şahidi oluruq:
"Bu avtobuslara transport şirkəti nəzarət etməlidir. Eyni zamanda buna ictimai nəzarət də olmalıdır. Bütün xarici ölkələrdə, əsasən Avropa ölkələrində ictimai qınaq, ictimai nəzarət çox güclü işləyir. Yəni vətəndaşlar buna öz reaksiyalarını verirlər. Düzdür, vətəndaş buna reaksiya verdiyi zaman sürücü də qayıdıb xoş olmayan sözlər deyir. Amma, o avtobusun üzərində qaynar xətt nömrəsi var, o nömrəni yığıb şikayətimizi bildirə bilərik. Bu hamımızın təhlükəsizliyi üçündür. Bəzən çəkinirik, utanırıq, həya edirik ki, o da sürücüdür və insandır. Amma bunları düşünməyimiz doğru deyil. Çünki onun siqaret çəkməsi, telefonla danışması həm təhlükədir, həm də riskdir. Yəni bu qaydaların hamısı qanunda yazılıb. Müvafiq qurumlar buna daha ciddi nəzarət etməlidir. İctimai qınaq və ictimai fəallıq olmalıdır. Çünki biz onu bir neçə dəfə danlasaq, bir neçə dəfə onun üzünə qayıtsaq, ona irad bildirsək, bundan sonra onda belə fikir yaranacaq ki, camaat mənə nəzarət edir, gözü məndədir. Yəni onlar bir balaca özlərini yığışdıracaqlar. Bu prosesi də təbliğ etmək, təşviq etmək lazımdır. Vətəndaşlar buna səssiz qalmasınlar".
Humay İSGƏNDƏRLİ