"Çıxılmaz vəziyyətdə qalmışıq" - 5 №-li marşrutdan ŞİKAYƏT
Sumqayıt sakinləri şəhər ərazisində fəaliyyət göstərən 5 №-li marşrut avtobusunun çatışmazlığından şikayətçidirlər.
Məsələ ilə bağlı Redaktor.az-a müraciət edən sakinlər bu barədə ölkə başçısı və Birinci vitse-prezidentə məktub ünvanladıqlarını da bildirdilər.
"Şikayətimiz Sumqayıt şəhərində 5 №-li marşrut avtobusunun çatışmazlığındandır. Belə ki, 20:45-dən sonra 5 №-li avtobus işləmir. Bu avtobus marşrutundan əsasən Sumqayıt şəhər Xəzər bağları, Kotec qəsəbəsi, İnşaatçılar qəsəbəsi, Kimyaçılar qəsəbəsi, 1-ci, 2-ci, 3-cü, 14-cü birləşmiş məhəllədə yaşayan insanlar istifadə edir".
Onların sözlərinə görə, valideynlərlə yanaşı övladları da bundan əziyyət çəkir:
"Çıxılmaz vəziyyətdə qalmışıq. Taksilərdən istifadə etməyə maddi imkanımız olmur. Dəfələrlə aidiyyatı qurumlara müraciət etsək də, bizim problemə məhəl qoyan yoxdur. Sizdən artıq dərəcədə xahiş edirik Sumqayıt şəhərində 5 №-li avtobus marşurtunun heç olmasa gecə 23:00-a kimi fəaliyyət göstərməsi üçün aidiyyatı qurumlara göstəriş verəsiniz".
Məsələ ilə bağlı Redaktor.az Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucovla əlaqə saxladı.
Qurum rəsmisi dedi ki, Sumqayıt şəhərdaxili 5 nömrəli müntəzəm marşrut xətti “Sumqayıt Nəqliyyat-1” MMC tərəfindən istismar olunur:
"Marşrut xəttində 9 iritutumlu avtobus 11 dəqiqə intervalla sərnişindaşıma xidməti göstərir. Daşıyıcıya marşrutdakı avtobusların qrafikə uyğun hərəkətini təmin etmək tapşırığı verilib".
Həmidə İBRAHİMLİ