Sürücülərin işi xeyli asanlaşacaq - Yeni proqram hazırlanır

 17:14 28.11.2023     328

Bakıda sürücülər yollarda yaranan sıxlıqlar, qəzalar, aparılan təmir işlərindən əvvəlcədən xəbərdar ola biləcəklər. Bu məqsədlə yol-nəqliyyat infrastrukturunun cari vəziyyətinin təhlil oluna bilməsi üçün yüksək dəqiqlikli 3D üç ölçülü elektron xəritənin və naviqasiya əsaslı mobil tətbiqin hazırlanması işlərinə başlanılıb.

Bəs, bu tədbir tıxac problemini həqiqətən də aradan qaldıracaqmı?

Məsələ ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, bu təkliflərlə bağlı onun da öz fikirləri, müraciətləri olub və dəfələrlə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində bu mövzu müzakirə olunub.

Onun sözlərinə görə, təkliflər ondan ibarət olub ki, müxtəlif naviqasiya proqramları Bakı şəhərində, respublikanın digər ərazilərində sürücülərin köməyinə gəlir:

"Yəni bu proqramlar vasitəsilə sürücülər tıxacsız yollar barədə vaxtında məlumat ala bilirlər və yaxud da naviqator onlara harada boş yol varsa, onu göstərir. Belə olan halda bu sürücülər niyə tutaq ki, “Waze” və digər proqramların ümidinə qalmalıdır? Elə özümüz bu məsələləri həll edə bilmərikmi? Bu suallarla müraciət etmişik, müzakirələr olunub və qərar verildi ki, bəli, bu mümkündür. Necə ki, sürücülərimiz “Waze” proqramında tıxacsız yolları tapa bilirlər, o cümlədən yəni özümüzün hazırladığımız proqramlar da sürücülərimizin işinə yaraya bilər. İntellektual İdarəetmə Mərkəzi artıq bu addımı atır və 3D formatında və mobil tətbiq üzərindən belə bir proqram hazırlanır. Bu işlər həyata keçiriləcək. Biz sıxlıq olan yollar barədə məlumat ala biləcəyik. Deyək ki, işdə oturmuşuq, çıxmağa hazırlaşırıq. Məlumat alırıq ki, yollarda vəziyyət nə yerdədir.

Yəni daha operativ məlumat ala bilərik. Düzdür, İntellektual mərkəz avtoradio vasitəsilə, sosial şəbəkə hesabları vasitəsilə daim məlumat yayır. Amma sürücü sükan arxasında sosial şəbəkələri izləmir. Amma mobil tətbiq olsa buna dərhal baxa biləcək, əvvəlcədən məlumat alacaq. İşdən çıxmağa hazırlaşırsızsa, yollardakı vəziyyətə görə çıxmaq və ya çıxmamaq qərarı verəcəksin. Yəni belə-belə variantlar üzərində düşünmək olar. Bu, Bakı şəhərinin rəqəmsal əkizinin yaradılması mövzusundan sonra mümkün oldu və elektron xəritə üzərindən bu işlər görülür, həyata keçirilir. Bu işlərin görülməsi öz-özlüyündə çox böyük bir addım olacaq. Sürücülərin işinə xeyli yarayacaq. Həqiqətən, həm piyadalar, taksidən istifadə edənlər, sərnişin qismində istifadə edənlər, onlar bütün vəziyyəti nəzarətdə saxlaya biləcəklər. İndi proqram hazırlanıb təqdim olunsun, baxaq görək necə olur".

Həmidə İBRAHİMLİ