"Biz o yolu düzəltmirik ki, qovma yarışı ilə məşğul olsunlar"

 16:24 29.11.2023     404

Bildiyimiz kimi, Qubadan Bakı istiqamətinə gələn yol təmir olunub və uzun müddətdir ki, əhalinin istifadəsinə verilib.

Amma Bakıdan Quba istiqamətinə gedilən yol təmir olunmayıb. Vətəndaşlar da haqlı olaraq problemin həll olunmasını, yolun çəkilməsini istəyirlər. 

Bəs məsələ həllini nə vaxt tapacaq? Sürücülərin bu problemi həll olunacaqmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Qubadan seçilən deputatı Vahid Əhmədov dedi ki,  bu məsələni Milli Məclisdə qaldırıb:

"Baş nazir o iclasda iştirak edirdi, sonra mənə dedi ki, məsələ ilə məşğuluq. Həm də orda ikinci bir yol - ödənişli yol var. O yolda da tarif məsələsi var, qiymətlər insanları qane etmir, şikayətlənirlər. Bu tarifə baxılmasını da təklif etmişəm. Mənə elə gəlir ki, Bakıdan Qubaya gedən yolla bağlı gələn il işlər görüləcək. Çünki bu vacibdir. Quba və Xaçmaz turizm zonasıdır, ümumiyyətlə, iqtisadi rayondur. Bu yolların çəkilməsi çox vacibdir". 

Təmir olunan yollarda sürət həddinə toxunan deputat vurğuladı ki, yollarda radarlar var və sürət həddi də göstərilir:

"Insanlar əməl etmirlər. Amma əməl etsələr yaxşı olar. Biz yolu düzəldirik ki, rahat gediş-gəliş olsun. Düzəltmirik ki, orda qovma yarış ilə məşğul olsunlar. İnsanlar öz həyatlarını qorumalı olduqlarını başa düşməlidirlər".

Humay İSGƏNDƏRLİ