"Dəm qazından necə qorunaq? - Ekspert AÇIQLADI
Havaların soyuması təbii qazdan istifadəni artırır. Paralel olaraq dəm qazından boğulma hallarının artması da müşahidə olunur. Bu hadisələr ən çox evlərin hamam otaqlarında baş verir.
Bəs, dəm qazından boğulma hallarının qarşısını necə alaq?
Mövzu ilə bağlı Redaktor.az-a danışan kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov bildirdi ki, dəm qazı kömürün, solyarkanın, benzinin, metan qazın natamam yanmasından əmələ gələn zəhərli qazdır.
Onun sözlərinə görə, ən çox da zəhərlənmə metan qazından olur:
"Çünki qışın gəlməsi ilə əlaqədar olaraq qaz sərfi abonentlər tərəfindən üç-dörd dəfə artır. Bir də ki, yayda qapı-pəncərə hamısı açıq olur. Havalandırma sistemi yaxşı gedir. Evdə hava dəyişir, amma qışda bütün qapı-pəncərə bağlanılır ki, soyuq gəlməsin. Ona görə də metan qazı yanan otaqlarda dəm qazının artması müşahidə olunur. Bunun üçün neyləmək lazımdır? Əvvəla qaz yüksək təhlükə mənbəyidir. Həyat əhəmiyyətli yanacaq növüdür. Pəncərə gözlükləri daim açıq olmalıdır. Evə girəndən sonra pəncərəni açıb evin havasını dəyişsinlər. Sonra qazı, işığı yandırsınlar".
Ekspertin fikrincə, çox təəssüf olsun ki, təchizatçılar tərəfindən mütəmadi profilaktik tədbirlər aparılmır:
"Təkcə televizor vasitəsi ilə maarifləndirmə olmur. Həm də iş yerində, evdə kim ki qazdan istifadə edir, onlara başa salınmalıdır. Məşəlin hündürlüyü 5 sm-dən 8 sm-ə qədər olmalıdır. Əgər məşəl sarı işıqla yanırsa, deməli, burada dəm yaxşı getmir. Yəni 1 kb metr qazın təmiz yanması üçün 9,5 kub metr hava lazımdır. Bu hava artıq olanda və ya çatmayanda yanma prosesi düzgün getmir və dəm qazı ayrılır. Bunun hamısını əhaliyə başa salmaq lazımdır. “Azəriqaz”-ın 2 milyon 500 min abonenti var. 7-8 mindən çox cihaz var. Bunlar daimi nəzarətdə olmalıdır və insanlar maarifləndirilməlidir. Onlara başa salmaq lazımdır ki, ildə iki dəfə tüstü bacaları, havalandırma sistemi yoxlanılmalıdır. Qapı-pəncərə açılmalıdır. Hamamxananın qapısı xaricə açılmalıdır. Qapının aşağısında deşiklər olmalıdır ki, qaz yanan otağa xaricdən hava daxil olsun, yanma proseslərinə kömək etsin. Bunlar hamısı nəzarətdən çıxıb. Səhlənkarlıqdırmı bilmirəm, yaxud özləri başa düşmürlər. Ona görə də zəhərlənmə halları artıb".
Həmidə İBRAHİMLİ