"Güzəştli ipoteka kreditlərinin yarıdan çoxunu hərbçilər alıb"

 16:01 30.11.2023     227

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilmiş güzəştli kreditlərin 53 %-ni hərbi qulluqçular alıb.

Redaktor.az xəbər verir ki, bunu Fondun İpoteka kreditləri departamentinin direktoru Rasim Abdullayev bildirib.

Onun sözlərinə görə, güzəştli kreditlərin 9 %-i müəllimlərin, qalanı isə digər kateqoriyadan olan insanların payına düşüb.

“Fond mütəmadi olaraq güzəştli kateqoriyaya aid olan insanların siyahısını genişləndirir. Bununla bağlı qaydalara dəyişikliklər edilir", - deyə departament direktoru əlavə edib.

Bundan başqa, R.Abdullayev deyib ki, indiyə qədər ipoteka kreditlərinin 32 %-i subay şəxslərə, 68 %-i evli şəxslərə verilib. Dövlət sektorunda çalışanların payı 61 %, qeyri-dövlət sektorunda fəaliyyət göstərənlərin payı isə 39 % olub.

Xatırladaq ki, İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.