"Əgər bir deputat deyirsə ki, biz heç nə eləyə bilmirik, onda..." - Sosioloq etiraz etdi

 17:29 30.11.2023     347

Milli Məclisin səhiyyə  Komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, Azərbaycanda selektiv abortların sayı artır. 

"Selektiv abortların sayı artmağa davam edir. Bu qanunla qadağan edilsə də, heçnə edə bilmirik. Təklif edirəm ki, bizim axundlar bu barədə maarifləndirmə işlərini aparsınlar",- deyə o qeyd edib.

Məsələ ilə bağlı Redaktor.az-a danışan sosioloq Lalə Mehralı bildirdi ki, selektiv aborta görə dünyada lider ölkəyik.

Onun sözlərinə görə, bizdə əvvəl dölün cinsiyyətinin üç ayına qədər deyilməsi qadağan idi:

"O da bir müddət əməl olundu, ondan sonra yenə istəyən istədiyi vaxt öyrənə bilir. 11 həftəsindən sonra mümkündür. Normalda üç ayından sonra da abort qadağandır. Amma qeyri-qanuni, yəni bunu kitaba, dəftərə salmadan, tibbi qeydiyyat olmadan edirlər. Çünki 12-13 həftə dölün cinsiyyəti qətiyyətlə dəqiqləşir. Əgər 13 həftədə abort reallaşırsa demək ki, üç ayını tamamlamış uşağı edirlər. Bu da o deməkdir ki, bir insanı qətl edirlər. Çünki üç ayını bitirmiş döl miniatür insandır. O uşağın bütün orqanları, beyin hüceyrələri, düşünmə qabiliyyəti, ürəyi, əli, ayağı, qolu var. Bu vəziyyətdə 13-cü həftədə cinsinə görə uşağı qətl etmək, bir insan öldürməyə bərabərdir. Bunun da cəzası olmalıdır. Təbii ki, qanunlar yenə həmişə olduğu kimi, kağızda, kitabda, dəftərdə qalır. İcraatda heçnə yoxdur, yenə istəyən gedir abort elətdirir. Bizə də yenə elə danışmaq, yazmaq qalır".

Sosioloqun fikrincə, ciddi formada cəzalar sərtləşdirilməlidir:

"Həm edənə, həm də aborta məcbur edənə qarşı olmalıdır. Ona görə hesab edirəm ki, inzibati qaydada cərimə formasında, həbs formasında bu cür cəzalandırılmalar olmalıdır. Qaydalar həddindən artıq sərtləşdirilməlidir. Abort edən həkimin həkimlik hüququ əlindən alınmalıdır. Abort etdirən və yaxud da etdirməyə məcbur eləyənin haqqında qanun lazımi cəzaları verməlidir.

Əgər bir deputat bunu deyirsə ki, biz heç nə eləyə bilmirik, onda o deputatların orda etdiyi müzakirələrin, orada qəbul etdikləri, səs verdikləri hər bir məsələdə sadəcə xətirləri qalmasın deyə münasibət bildirirlər. Sadəcə prosedur gərəyi münasibət bildirirlər. Deputatın əlindən əslində  həddindən artıq çox şey gəlir. Əgər bir deputat, səlahiyyət sahibi bu sözü deyirsə, onda bizi kimi ictimai birlik nümayəndələri, QHT nümayəndələri, mətbuat nümayəndələri neyləyək, bizim əlimizdən nə iş gəlir? Əslində bizim səlahiyyətimiz yoxdur. Biz nəsə edə bilmirik, elə yazırıq, pozuruq özümüz deyib, özümüz eşidirik".

Həmidə İBRAHİMLİ