Ailələrin dağılmasının başlıca SƏBƏBİ
Bu gün Azərbaycan ailələrində sosial və məişət problemlərinin artdığının şahidi oluruq. Tez-tez efirlərdə bu kimi məsələlərin işıqlandırıldığını görürük. Daha çox işsizlik və onun yaratdığı problemlər ailələrin boşanmasına, uşaqların sığınacaqlara verilməsinə yol açır.
Hətta Milli Məclisin deputatı Tahir Rzayev açıqlamalarının birində iş tapmayan oğlanların ailə qurmasının tamamilə əleyhinə olduğunu bildirib.
Deputatın fikrincə, bu gün bəzi gənclər təhsil almadıqları, peşəyə sahib olmadıqları, bir işin qulpundan yapışmadıqları halda ailə qurmağa can atırlar:
Məsələ ilə bağlı Redaktor.az-a danışan sosial işçi Sənubər Osmanova bildirdi ki, son zamanlar ölkə siyasətində işsizliyin qarşısının alınması istiqamətində gənclərə maksimum dərəcədə diqqət və etimad göstərilir.
Onun sözlərinə görə, buna baxmayaraq cəmiyyətimizdə işsizlik problemi öz aktuallığını saxlamaqdadır:
"Bugün gənclərin əksəriyyəti maddi təlabatlarını ödəmək potensialına sahib olduqdan sonra ailə həyatı qurmağı planlayırlar. Lakin, müəyyən səbəblərdən dolayı işsiz bəylərin də evlənmə halları ilə heç də az rastlaşmırıq. Əlbəttə ki, bu, arzuolunmayan bir haldır. Bununla əlaqədar olaraq işsiz gənclər gələcəkdə baş verə biləcək ailə problemlərini öncədən sığortalamış olurlar. Ailədə maddi gəlirin aşağı olması ailə planlamasının olmamasına, ailədaxili münaqişələrin artmasına və hətta boşanmalara belə səbəb ola bilər. Problemin miqyasının artması iqtisadi cəhətdən çətinlik çəkən ailələrin çoxalmasına və belə ailələrdə dünyaya gələn uşaqların gələcəyinə mənfi təsirlər göstərir. Problemin həlli kimi yalnız şəhər daxilində deyil, eyni zamanda bölgələrimizdə də iş yerlərinin sayının artırılması, işsiz gənclərin məşğulluğa yönəldilməsi və yeni qurulmuş aztəminatlı ailələrə maddi dəstək proqramlarının təşkili məsələnin həllində daha effektiv ola bilər".
Həmidə İBRAHİMLİ